Şahbuzun icra başçısı ilə bağlı ŞOK İDDİA - DTX ilə çiling-ağac oynayır?

Gündəm / Sosial
7-12-2022, 08:29 144


Şahbuz sakinlərindən redaksiyamıza daxil olan məlumatda deyilir ki, rayon icra başçısı Rəfail Babayev və onun müavini Tural Quliyev elə qurd ürəyi yeyib ki, DTX ilə çiling-ağac oynayır:

“Özlərini Şahbuz rayonunun xırda padşahları hesab edən bu rəsmi şəxslər polislərə göstəriş verib ki, DTX-nin Naxçıvan üzrə Baş İdarəsinə şikayət etmək, dərdlərini bildirmək istəyən vətəndaşları nəzarət altına alsınlar. Əlacsız qalan Şahbuz sakinləri isə Azərbaycan hökumətindən onlara sözlərini çatdırmağa şərait yaradılmasını, lazım gələrsə DTX-nın onların rayonuna xüsusi ekspert qrupu göndərilməsini gözləyirlər”.

Məlumatlara görə, Tural Quliyev hələ də “xan havasında”dır və rayonda korrupsiya ilə məşğul olur: “İdarə, müəssə müdirlərini icra hakimiyyətinə dəvət edərək “aylıq pulları” vaxtlı-vaxtında yığmağı tapşırıb.

Bunlar bəs deyilmiş kimi, qaz, elektrik və su idarə müdirlərininin vasitəsilə binəva rayon sakinlərinin sayğaclarına müdaxilə edir, Şahbuz rayon polis şöbəsinin camaatın qanını içən Bahadur adlı rəisindən (Tural və Bahadurun yaxın dostluq münasibətləri mövcuddur) vətəndaşlara qarşı daha qəddar olmağı tələb edirlər. Vətəndaşlar onlardan qaz, su, elektrik üçün tələb olunan pulu verməyəndə isə yeddi sutka həbs, eləcə də ağır təzyiqə məruz qalırlar. Bir çox hallarda vətəndaşlar polis özbaşınalığından qurtulmaq üçün 2000 manat sələmə pul götürüb Bahadura verirlər. Bahadur da Tural və Rəfailin payını artıqlaması ilə ünvanına çatdırır”.

Rayonda hələ də Naxçıvanın qul əməyi kimi rəvacda olan iməcliklər keçirilir. İməclik bölgüsündə hər idarənin payına, sözsüz ki, rayonun bəzi əraziləri düşür: “Ən acınacaqlı sahələr isə rayon İcra Hakimiyyətinin Qaz, Elektrik, Mədəniyyət şöbəsi və Su idarəsinin işçilərinə düşən yerlərdir. Bu yerlər əsasən, yerli qolçomaqların və Naxçıvanın “Boz kardinalı”nın şəxsi mülkiyyəti əraziləridir. Sözügedən idarələrin iməclik yerləri aşağıdakı kimidir:

Mədəniyyət şöbəsi- Azər Zeynalova məxsus Biçənək kəndində yerləşən villanın həyətyanı sahəsi və quşçuluq ferması;

Elektrik idarəsi və Su İdarəsi- Rəfail Babayevə məxsus Şahbuz rayonu Kükü kəndində yerləşən villa və Nursu kəndində yerləşən mal-qara ferması;
Qaz idarəsi- Tural Quliyevə məxsus Şahbuz rayon Ayrınc kəndində yerləşən həyatyanı sahə və mal tövləsi.

Təsəvvür edirsinizmi, icra hakimiyyəti nümayəndələri sakinlərə xidmət etmək əvəzinə onları qul kimi işlədirlər. Bu da istər-istəməz Şahbuz rayonda rejim mənsublarına qarşı ikrah hissi oyadır. Sakinlər bizə ünvanladıqları məktubda açıq şəkildə onun-bunun qapısında nökər kimi işləməkdən bezdiklərini və özlərinin mənən alçaldılmış kimi hiss etdiklərini bildirirlər.

Maraqlıdır ki, Şahbuzda əhaliyə qan udduran Rəfail Babayev 2006-cı ildə narkotik vasitə istifadə edərkən Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılmışdı. Hansısa tale quşu sonradan gəlib onun başı üzərinə qondu və şahbuzlular bir gün gözlərini açdılar ki, Rafael Babayev onlara rəhbərlik edir.
Bu kimi neqativ hallar Şahbuzluları düşündürür. Onlar inanmaq istəyirlər ki, Azərbaycan hökumətinin Naxçıvanda apardığı islahatlar bir gün mütləq Şahbuzluların da üzünə güləcək. //OVQAT.COM//