DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
Gündəm / Sosial
Dünən, 20:39
14
Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının tədris işləri üzrə müdir müavini, tibb üzrə fəlsəfə doktoru, dosent Vəfa Məmmədova ölkə rəhbərliyinə ünvanladığı ikinci müraciətdə ciddi iddialar səsləndirib.
Dosent bildirir ki, ilk müraciətindən sonra kafedra müdiri Paşa Qəlbinur tərəfindən ona qarşı təzyiq və təqiblər daha da güclənib. Onun sözlərinə görə, birbaşa ölkə rəhbərliyinə üz tutması rəhbərlik tərəfindən “narazılıqla” qarşılanıb və bu addımından sonra hədəfə çevrilib.
Vəfa Məmmədova iddia edir ki, xəstəlik səbəbindən qanuni bülletenlə işdə olmadığı halda, bu vəziyyət süni şəkildə “qanunsuzluq” kimi təqdim olunur və vəzifədən uzaqlaşdırılması üçün əsas kimi istifadə edilməyə çalışılır. Halbuki, o, rəsmi tibbi arayış təqdim etdiyini və buna baxmayaraq sənədin etibarlılığı ilə bağlı əsassız sorğular göndərildiyini qeyd edir.
Daha diqqətçəkən məqam isə dövlət büdcəsi ilə bağlı səsləndirilən iddiadır. Müraciətdə bildirilir ki, Paşa Qəlbinurun oğlu Tural Qəlbinur kafedrada dosent vəzifəsində çalışsa da, təxminən 9 ildir işə gəlmir, lakin maaş almaqda davam edir. Bu faktla bağlı indiyədək hər hansı araşdırmanın aparılmadığı vurğulanır.
Dosent isə cəmi bir həftəlik qanuni xəstəlik məzuniyyətinə görə vəzifədən azad olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, rəsmi şəkildə vəzifədən azad edilməsinə dair əmr təqdim olunmasa da, səlahiyyətləri artıq başqa şəxsə həvalə edilib.
Müraciətdə qeyd olunur ki, vəzifədən “öz xahişi ilə” getməsi üçün ona təzyiq göstərilsə də, belə bir ərizə yazmayıb və yazmaq niyyətində deyil.
Dosent Vəfa Məmmədova ölkə rəhbərliyindən məsələnin nəzarətə götürülməsini, ona qarşı təqib və təzyiqlərin dayandırılmasını, qanuni hüquqlarının qorunmasını xahiş edir.(Mozalantv.az)
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
