Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Gündəm / Siyasət
25-01-2023, 23:27 82
Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib


"Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir".

Bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bildirilib.

Qeyd olunub ki, Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur:

"Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir".

Məlumatda deyilib ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.