Kəmaləddin Heydərovdan 250 minlik təmizlik

Gündəm / Cəmiyyət
17-02-2023, 18:39 154
Kəmaləddin Heydərovdan 250 minlik təmizlik

Fövqəladə Hallar Nazirliyi (FHN) "Vertical Service” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Tereqqi.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 245 520.57 AZN təşkil edən müqavilədə FHN-nin Yasamal rayonu M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati və yardımçı binasının fasadın yuyulması, iş otaqları, dəhlizlər və sanitar qovşaqlarına ümumi sanitar-gigiyena tələblərinə əsasən 2023-cü ilin 10 ayı üçün gündəlik təmizlik xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vertical Service” MMC 21 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakə şəhəri Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi, ev 1, mənzil-döngə 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Tariyel Qulam oğludur.

"Vertical Service” MMC "KIT Group” MMC-yə daxil olan şirkətlərdən biridir. Maraqlıdır ki, "KIT Group” MMC-nin rəsmi veb-səhifəsində "Vertical Service” MMC-nin 2015-ci ildən fəaliyyət göstərdiyi qeyd edilib. Belə çıxır ki, şirkət 4 il fəaliyyət göstrədikdən sonra vergidə qeydiyyata alınıb.

"Vertical Service” MMC sənaye alpinizmi sahəsində fəaliyyət göstərir. "KIT Group”un veb-səhifəsində "Vertical Service” MMC-nin hündürlüyü 200 metrdən artıq olan binalarda göstərdiyi xidmətin yüksək keyfiyyətinə görə birinci sırada olduğu qeyd edilib. Həmçinin məlum olur ki, şirkət fasad və sənaye alpinizmi xidmətləri ilə yanaşı, fərdi mühafizə vasitələrinin satışı, dağlarda və yüksəklikdə xilasetmə və təxliyyə, ölkə daxilində və xaricində təşkil olunan zirvə dırmanışları və eko-ektsremal tur xidmətlərini təklif edir.

"Vertical Service” MMC-nin hazırda 379.82 AZN, onun daxil olduğu "KIT Group” MMC-nin isə 72 756 AZN vergi borcu var.

"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. Bu qadağanın "Vertical Service” MMC üçün keçərli olmaması şirkətin yüksək səviyyədə himayə olunması ilə izah edilir. Bəzi iddialara görə, şirkətin, ümumiyyətlə, "KIT Group”un himayədarı föbqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Bu iddialarla bağlı şirkətdən və FHN-dən mövqe öyrənmək mümkün olmayıb.