Ədliyyə Nazirliyi xüsusi təyinatlılara geyimi bu qiymətə alır – Şübhəli tender
Gündəm / Cəmiyyət
21-02-2023, 21:27
208
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Tekstıl Təmınat MH” MMC (VÖEN- 1504975041) olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Tekstıl Təmınat MH” MMC Penitensiar Xidmətin sifarişi əsasında bu qurumun tərkibində olan xüsusi təyinatlılar üçün geyim satacaq və qarşılığında 45 min 595 manat alacaq.
Məlumat üçün bildirək ki, MMC Penitensiar Xidmətə hər birindən 42 dəst olmaqla komufulyaj rəngli özəl tərkibli parçadan xüsusi geyim dəsti, komufulyaj rəngli özəl tərkibli parçadan xüsusi səhra jileti, komufulyaj rəngli özəl tərkibli parçadan təbii xəz boyunluqlu gödəkçə və uzunboğaz dəri vinniks çəkmə satacaq.
Açıqlanan məlumatlardan belə görünür ki, Penitensiar Xidmətin Mühafizə Alayında xidmət keçən xüsusi təyinatlılar üçün alınan 1 ədəd geyimin (geyim dəsti, jilet, gödəkçə və ayaqqabı) qiyməti 1 085 manat 60 qəpik təşkil edir.
Rəsmi məlumatlara görə, “Tekstıl Təmınat MH” MMC 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə cəmi 5 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 49, m. 55-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Cəfərli Həsən Yelmar oğludur.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Tekstıl Təmınat MH” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Bilinən yeganə məlumat odur ki, şirkət dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olmağa başlayıb.
Yeniavaz.com