Dili-boğazı quruyan İLİSU... - NARAZILIQ VAR!
Gündəm / Cəmiyyət
24-02-2023, 12:11
149
“Kəndimizə 4 il bundan əvvəl “Kənd İnvestisiya Layihəsi çərçivəsində su xətti çəkdilər. Amma bütün qış su üzünə həsrət qalmışıq”.
Bunu Meydan TV-yə Qax rayonu, İlisu kəndinin sakinləri bildiriblər. Sakinlərin sözlərinə görə, layihə təhvil veriləndən bu yana, bir gün olsa belə qışda su ilə təmin olunmayıblar.
“Kənddə təxminən 200-dən çox ailə hər ilin qış aylarında içməli su üzünə həsrət qalır. Halbuki, borulardan evlərə su xəttinin çəkilişi üçün özümüz pul ödəmişik. Borular yerin altından keçir”,- sakinlərdən biri deyib. O, dövlət müəssisələrinin birində çalışdığından işdən çıxarılma qorxusu ilə adının mətbuatda açıqlanmasını istəməyib.
Sakinlərin sözlərinə görə, kənddə əhalinin 50 faizə yaxını su problemindən əziyyət çəkir.
İlisu Qaxın ən çox turist cəlb edən kəndlərindən biridir. Kəndin 1300-dən artıq sakini var. Şikayətçilər deyiblər ki, layihə çərçivəsində çəkilən borular torpağın altı ilə gedir, problem baş verdikdə müdaxilə etmək mümkün olmur.
Sakinlərdən Zahid Məmmədov isə bildirib ki, İlisunun qışda su problemi illərdir davam edir. Qış kənddə çox sərt keçir, insanlar qarlı-buzlu yollarda vedrələrlə su daşımağa məcbur qalıblar:
“Yayda turist çox gəlir, insafən su problemi də olmur. Hər il nə qədər turistin axın etdiyi kənddə insanlar çətin şəraitdə yaşayırlar. Şikayət edəndə isə Qax Rayon İcra Hakimiyyətinin xoşuna gəlmir. Su olmadığı halda sakinlər su pulu ödəyirlər. Narazılıq edənlərə isə deyirlər ki, yaya kimi birtəhər dözmək lazımdır. Kəndin aşağı tərəfində yaşayanların vəziyyəti daha ağırdır. Kəndin bu başından o biri başına gedb bir vedrə su götürürlər. Su gələn evlərdə də təzyiq o qədər aşağı olur ki, bir vedrə su yarım saata dolur”.
Sakinlər onu da deyiblər ki, yağan qarı əridib, onun suyu ilə yuyunanlar var. Suya ehtiyaclarını ya qar, ya yağışın hesabına ödəməyə çalışırlar.
İlisu Kənd Bələdiyyəsindən isə Meydan TV-yə bildiriblər ki, hazırda kənddə qar yağır, nəinki borular hətta torpaq donub. Buna görə də, suyun verilməsində müəyyən çətinliklər var:
“Hava şəraiti düzələndən sonra isə su gəlir. Ümumiyyətlə kənddə içməli su çətinliyi yalnız hava şəraiti ilə bağlıdır”. //Meydan TV//