Goranboyda boru xətlərini vergi borcu olan şirkət təmir edəcək? – Qalmaqallı tenderin DETALLARI

Gündəm / Cəmiyyət
21-06-2023, 18:33 244
Goranboyda boru xətlərini vergi borcu olan şirkət təmir edəcək? – Qalmaqallı tenderin DETALLARI


Goranboy Suvarma Sistemləri İdarəsinin (GSSİ) aprelin 28-də başladığı “3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020 x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması” tenderinin nəticlərini və qalibini açıqlayıb.

Tereqqi.az Bizim.Media-ya istinadla xəbər verir ki, ümumi dəyəri 209 min 192 manat olan tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Meliorasiya İdarəsi (VÖEN - 2900497561) olub.

Qeyd edək ki, cari ilin iyunun 8-də mətbuatda yayılan xəbərlərdə, rəisi Orxan İmanlı olan Sumqayıt Melioservis İdarəsinin dövlətə külli miqdarda, yəni 258 min 109.92 manat məbləğində vergi borcu olduğu yazılır. Bununla belə İdarə 2 tenderdə qalib olub.

Bunlardan biri, Samux Suvarma Sistemləri idarəsinin “Torpaq məcralı Allahdad kanalının (PK 30+70-PK 65+70, L= 3,5km) beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə təmiri işlərinin” satınalınması ilə bağlıdır və qalib seçilərək 94 min 608 manatlıq satınalma müqaviləsinə imza atıb.

Digəri isə, Astara suvarma sistemləri idarəsinin “Torpaq məcralı Axıya Sarvanı kanalının (PK 00+00-PK 48+00, L=4,8 km) L=1,2 km hissəsinin beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satınalması” ilə bağlıdır. SMİ bu tenderdə də qalib seçilib və 134 min 449 manat əldə edib.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.