Qurbanqanı niyə xəstəxanaya axıdılır?.. - Yasamalda ÖZBAŞINALIQ
Gündəm / Cəmiyyət
29-06-2023, 12:14
481
Yasamalda ət kəsilən yerlərdən birinə yaxınlaşıram, qapının ağzında bir dəstə uşaq dayanıb, onlar elliklə məni yoldan qaytarırlar:
“Əmi, o qapıdan girməyin, ayaqqabınız qana batacaq, bu biri qapıdan keçin”, – deyib bağlı qapını göstərirlər. Onların bura niyə yığışdığını gec anladım, bir az dayanıb baxandan sonra. O uşaqlar qurban kəsdirib çıxan adamların bayramını təbrik edir, nəsə umurdular.
Yanlarında yaşlı bir qadın da vardı, uşaqların utanıb istəmədiklərini o dilə gətirirdi:
“Qardaş, Allah qurbanını qəbul eləsin, bizə də pay ver”- beləcə istəyirdi. Adamlarsa dinməzcə qurban ətini maşının yük yerinə qoyub sürüb gedirdilər. Ancaq yalnız bir nəfər 1 manat verdi. Sonra mən də uzaqlaşdım oradan, başqa kəsim yerinə getdim. Pay istəyən qurban kəsəndən çox idi…
Şərifzadə küçəsində, “İdeal” şadlıq sarayının və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (indi Publik Hüquqi Şəxs) yanında hər il Qurban bayramında kəsim məntəqəsi quraşdırılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin nəzarəti altında…
Bununla bağlı müxtəlif saytlar AQTA-ya istinadla bildirmişdi ki, Azərbaycanda qurbanlıq heyvanların kəsimi və satışı məqsədilə bu il 138 məntəqə formalaşdırılıb. Həmin məntəqələrdən biri yuxarıda yazdığımız ünvanda, Şərifzadə küçəsindədir.
O ünvana çatanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov ARB kanalına elə bu məntəqənin qarşısında müsahibə verirdi:
“Bu məntəqələrin 80-də qurbanlıq heyvanların həm kəsimi, həm satışı, 46-da ancaq satışı, 12-də isə yalnız kəsimi həyata keçirilir. Bütün məntəqələrdə sanitar-gigiyenik normalar gözlənilməklə baytarlıq nəzarəti aparılır”.
İlkin müəllimin müsahibə verdiyi yerdən təxminən 15 metr məsafədə, ət kəsimi çadırının arxasında Eksperimental Xəstəxananın hasarıdır, hasarın o üzü xəstəxana ərazisidir. Kəsilən heyvanların qanı çox səliqəsiz quraşdırılmış borular vasitəsilə xəstəxana ərazisinə axıdılır. Düzdür, xəstəxanalara qan gərək olur, ancaq AQTA-nın axıtdığı qan yox… Eləcə çadırın arxasına baxmaq, bu cinayəti görmək yetərliydi. AQTA əməkdaşları bir yana, nədənsə heç bu gün bura çəkilişə gələn AzTV-lərin müxbirləri də o tərəfə keçmədi. Bu gün, demək olar, bütün telekanallar bu kəsim məntəqəsindən reportaj yayımladı (görünür, yaxın olduğu üçün), elə bütün kanallara da İlkin Kərimov müsahibə verdi. Yəqin, bura təhkim olunub.
2019-cu ildə elə bu məkandan reportaj hazırlamışdım. Onda da qurbanlıq qoyunların qanı xəstəxana ərazisinə axıdılırdı. AQTA-dan giley də gəlmişdi, belə əhəmiyyətsiz şeyi qabartdığıma, çəkib paylaşdığıma, üstəlik, yazı yazdığıma görə. Reaksiya vermədim, ancaq düşündüm ki, növbəti ildə qanı xəstəxanaya yox, kanalizasiyaya axıdarlar. Artıq 5-ci ildir, hər il orada qurbanlar kəsilir, hər il də qan xəstəxananın həyətinə axıdılır. Görünür, başlıcası “sanitar-gigiyenik normalar gözlənilməklə baytarlıq nəzarəti”nin həyata keçirilməsidir. Qanınsa ağır xəstələr yatan xəstəxana ərazisinə axıdılmasının “sanitar-gigiyenik normalar”la əlaqəsi yoxdur, AQTA-nın düşüncəsinə görə…
Yeri gəlmişkən, kəsilən heyvanların dərisi, qarnı və bağırsağı elə çadırın böyründə yan-yana düzülmüş zibil qablarına atılırdı, hər birimizin yaşadığı ərazidə olan zibil qabları var ha, onlara. Bir qadın da həmin zibil qablarından qarınları götürüb içini boşaldır, sonra vedrəyə yığırdı, məhz qarınlar zibil qabına atılandan sonra. Niyəsini bilmədim, qadını utandırmamaq üçün şəklini çəkmədim. Çox güman, onları qutab bişirilən yerlərə satacaq… Hə, bütün bunlar Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının gözü qarşısında baş verirdi…
Özləri xəbər yaydılar ki, agentliyin 400-dən çox işçisi kəsim məntəqələrinə nəzarət edir, həm də təkcə onlar yox, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə…
Qidalarımızın təhlükəsizliyinə məsul olan əziz və hörmətli şəxslər, kəsim məntəqələrində təmiz yer tapıb müsahibə verəndən sonra arada başınızı qaldırıb ətrafa baxın, zibil qablarından toplanan o qarın qutabından sabah siz də yeyəcəksiz…
Qurban bayramınız mübarək! Çalışın gələn bayrama salamat qalın!
Müəllif: Rövşən Hacıbəyli //Meydan.TV//