DİM və ETN arasında “soyuq müharibə”: “Çin səddi” çəkilir - NƏ BAŞ VERİR?
Gündəm / Dünya
6-10-2023, 21:19
876
Dövlət İmtahan Mərkəzində (DİM) 2024-cü il buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının işinə start verilib.
Qeyd edək ki, ötənilki qəbul imtahanlarında keçid balı 600-dən yuxarı olan ali təhsil müəssisələrinə bu il 200 balla qəbul olmaq mümkün olub. Bu ali təhsil müəssisələri arasında tanınmış universitetlər də yer alıb. Abituriyentlərin aşağı bal toplamasının səbəbi kimi əsasən imtahan suallarının çətinliyi göstərilir. DİM isə proqramın tədris olunan fənnlərdən kənara çıxmadığını deyir.
Bu da bir faktdır ki, əgər buraxılış və qəbul imtahanlarının məzmunu prorama uyğun olsa, onda repetitorluğa ehtiyac qalmaz. Ancaq indiki halda bu mümkün deyil. Görünən odur ki, imtahan suallarının çətinliyi və məktəbdə tədrisin zəifliyi 150 balla universitetlərə qəbul olmaq imkanı yaradır.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi ilə DİM arasında hələ Misir Mərdanovun nazir olduğu dövrdə “soyuq müharibə” olduğunu deyilirdi ki, son illər bu istiqamətdə müəyyən “sakitlik” hökm sürür. Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Beləliklə, DİM imtahan suallarının proqrama uyğun olduğunu desə də, imtahan prosesində çox aşağı nəticələr də müşahidə olunur.
Maraq doğuran odur ki, repetitor yanına hazırlığa getdiyi təqdirdə abituriyent 150 bal toplayırsa, bu, nəyin göstəricidir? Günahı kimdə axtarmaq lazımdır- Elm və Təhsil Nazirliyində, yoxsa Dövlət İmtahan Mərkəzində?
Təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumtəhsil məktəblərində məzunların yekun attestasiya qaydaları Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir:
“Həmin qərarın 1-ci maddəsində göstərilir ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi tədris ili başlayandan, yəni sentyabrın 15-dən 1 ay müddətinədək, oktyabrın 15-nə qədər növbəti buraxılış imtahanına düşən sualların məzmunu və o suallarla əlaqədar nümunələr təhsilalanlar və ictimaiyyəti məlumatlandırmalıdırlar. Bizdə isə DİM hələ işçi qrup yaradır. İllərdir ki, bu sualların nümunələri insanlara elan olunmur. Nəticə etibarilə buraxılış imtahanına gəldikdə məzunlar şikayətlənirlər ki, suallar çətindir.
DİM deyir ki, təhsil proqramından suallar salınıb. Doğrudur, təhsil proqramından salınıb. Ancaq bu sualların ağırlıq dərəcəsi bizim məzunların bilik və bacarıqlarının səviyyəsi ilə üst-üstə düşmür. Burada təhsilanlar attestasiya olunur və bu isə onların bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunmalıdır. Bu, təhsil proqramının yerinə yetirilməsinin vəziyyətini yoxlayan imtahan deyil. Təhsilanların yekun attestasiya qaydalarıdır”.
Ekspert təklif edir ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır:
“DİM bilərəkdən testin sual nümunələrinin ağırlığını çox edir. İstənilən halda bununla bağlı ETN ilə manipulyasiya edə bilər. Yəni sualların ağırlıq dərəcəsini artırır, nəticələr aşağı olur, cəmiyyətdə fikir formalaşır ki, təhsildə vəziyyət bərbaddır. Nə vaxt istəyirsə, ağırlıq dərəcəsini nisbətən yumşaldır, nəticələr yaxşı olur və təhsildə vəziyyətin yaxşılığa doğru dəyişdiyi deyilir. Əslində bu DİM-in Elm və Təhsil Nazirliyi üzərində təzyiqidir”.
Vəziyyətdən çıxış yolu nədir? Ekspertin sözlərinə görə, artıq oktyabr ayının ilk günləridir və indi DİM işçi qrup yaratdığını elan etməməlidir:
“DİM sual nümunələrini göstərməlidir ki, mən sizə bu ilin buraxılış imtahanlarında bu cür sualı verəcəyəm. Bunlar elan olunmur və DİM qanunvericiliyi pozur. Mövcud problemi aradan qalıdrmaq üçün bu gün beynəlxalq təcrübədə olduğu kimi DİM-dən test, vəsait hazırlamaq səlahiyyəti alınmalıdır. DİM sadəcə imtahanları keçirən texniki quruma çevrilməlidir. Bu testlərin hazırlanması üçün Prezident Aparatı, Nazirlər Kabineti yanında Testologiya Mərkəzi yaradılmalıdır. Bu qurum da təhsilalanların bilik və bacarıqlarının səviyyəsinə uyğun olaraq testlər hazırlanmalıdır. Təhsilalanların bilik və bacarıqlarını necə müəyyən edə bilərik?
Həmin Testologiya İnstitutu DİM-lə əməkdaşlıq edir, müxtəlif vaxtlarda sınaqlar təşkil edir və burada məzunların bilik və bacarıq səviyyəsi müəyyən olunur. Eyni zamanda, ETN ilə əməkdaşlıq etməklə milli qiymətləndirmə, diaqnostik qiymətləndirmələr keçirməklə ümumtəhsil məktəbində paralel olaraq məzunların bilik və bacarıqlarının səviyyəsi müəyyən olunur. Yekunda buraxılış imtahanlarında şagirdlərin bilik və bacarıqlarına uyğun olaraq suallara salınır.
Nəticə etibarilə DİM texniki qurum olaraq bu imtahanı həyata keçirir. O zaman biz hazırda gördüyümüz səhnə olmayacaq. DİM-in yürütdüyü bu siyasət ölkədə ümumtəhsil məktəblərinə, müəllimlərə inamı, etimadı sarsıdır. Nəticə etibarilə bütün buraxılış imtahanlarında iştirak edən şagirdlərin böyük əksəriyyəti, abituriyentlər repetitor yanına getmək məcburiyyətində qalırlar ki, DİM-in “Çin səddi” kimi Azərbaycan gəncini qarşısına çəkdiyi buraxılış, yaxud qəbul imtahanlarından keçə bilsinlər”.
Eskpert deyir ki, proses kökündən yalnışdır, qanunvericiliyə ziddir:
“Mövcud problemi aradan qaldırmağın da çox sadə və yeganə yolu kimi DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır. Nə qədər ki, bu baş verməyib, Azərbaycan gənci bu problemlə üzləşəcək. Proqramlar çətin deyil. Sadəcə sualların ağırlıq dərəcəsi var. Sualın ağırlıq dərəcəsi abituriyentin bilik və bacarıqlarının səviyyəsinə uyğun olaraq qoyulmalıdır.
Ona görə də müəyyən mexanizmlər olmalıdır. Bunlar olmadığına görə DİM istədiyi formada suallar hazırlayır və nəticədə bu baryerdən keçmək üçün hamı repetitora üz tutmağa məcbur olur. Bu gün təhsildə problemlər çoxdur, ancaq deyildiyi qədər deyil”.