Salyan xəstəxanasının sabiq şöbə müdirinə hökm oxundu

Gündəm / Ölkə
11-12-2023, 19:33 127

Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasova hökm oxunub.

Hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseyinovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Sabiq şöbə müdiri 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Ona təyin olunmuş cəza 2 il şərti cəza ilə əvəz olunub.

İttiham aktına əsasən, o, əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.