"Azərsığorta" vətəndaşa dəymiş zərəri ödəmir - ŞİKAYƏT+FOTOLAR

Gündəm / Cəmiyyət
20-12-2023, 10:09 356
"Azərsığorta" vətəndaşa dəymiş zərəri ödəmir - ŞİKAYƏT+FOTOLAR

"Noyabrın 14-də Ağstafa şəhərində mənim idarə etdiyim 20-CF-309 nömrə-nişanlı avtomobilin də iştirakı ilə qəza hadisəsi baş verib. 30 noyabrda sığorta qiymətləndirməsi başa çatıb və dəymiş zərərlə bağlı yekun qərar verilib. Dəymiş zərər 800 manat məbləğində hesablanıb. Lakin dövlət sığorta şirkəti olan "Azərsığorta" məbləği hələ də ödəməyib".

Bunu AFN.az-a açıqlamasında vətəndaş İsmayıl Nəzirli bildirib. İ.Nəzirli qeyd edib ki, hesablanan məbləğ onu qane edir: "Lakin şirkət ödənişi etmir. Gecikmənin səbəbilə bağlı hər hansı məlumat da ala bilmirəm. Qiymətləndirmə olub 30 noyabrda, mən də 1 dekabrda razılıq aktını və bank hesabını göndərmişəm. Əslində 7 iş günü ərzində ödəniş olmalı idi, amma 20 günə yaxın vaxt keçməsinə baxmayaraq, edilməyib. Avtomobilim hazırda usta yanındadır, təmir edilib, lakin mənim onun ödənişini edib çıxarmağa imkanım yoxdur".

"Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətində hazırda mətbuatla əlaqələr üzrə məsul şəxs olmadığı üçün mövzu ilə bağlı sorğu ünvanlayıb cavab ala bilmədik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.