Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Gündəm / Dünya
17-05-2024, 19:38 1 080
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Qara dəniz taxıl təşəbbüsü həyata keçirilməsəydi, Afrikanın bir çox ölkəsində qıtlıq baş verərdi.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, 21-ci əsrdə ölkələr arasında əsas mübarizə kənd təsərrüfatı torpaqları, su və ərzaq uğrunda olacaq və bu prosesin əlamətləri artıq görünür.

“İnkişaf etmiş ölkələr Afrikada kənd təsərrüfatı torpaqlarını icarəyə götürmək üçün böyük yarışa başlayıblar, iqlim dəyişikliyinin mənfi təsirlərinə görə su ehtiyatları və su hövzələri münaqişə xəttinə çevrilir. Pandemiya və Rusiya-Ukrayna müharibəsi zamanı bütün ölkələrin ərzaq təhlükəsizliyini təmin etmək üçün necə şiddətlə mübarizə apardığını unutmamışıq. Türkiyənin səyləri ilə həyata keçirilən Qara dəniz taxıl təşəbbüsü olmasaydı, başda Afrika ölkələri olmaqla bir çox bölgədə qıtlıq yaşanacaqdı”, - o deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə vəziyyətin nəzarətdən çıxmasının qarşısını alıb və ümumilikdə 33 milyon ton taxılın dəniz boğazlarından təhlükəsiz keçməsini təmin edib. O, həmçinin vurğulayıb ki, kənd təsərrüfatı istehsalı və təchizatı dövlətlərin təhlükəsizliyinin təmin edilməsi baxımından strateji sahələr olaraq qalacaq və Türkiyə buna hazır olmalıdır.