11 ildir sakinlər hansı statusda yaşadıqlarını bilmirlər... - "Dostlar" insanları aldadır...

Gündəm / Sosial
11-06-2024, 18:54 126
11 ildir sakinlər hansı statusda yaşadıqlarını bilmirlər... - "Dostlar" insanları aldadır...

Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi məhəllə 571, ev 33, mənzil 81-də yaşayan Nadir Bayramov Şofiq oğlu "Şərq" qəzetinin redaksiyasına şikayət ərizəsi ilə müraciət edib. Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsi bina (ev) 312 də yaşayan sakinlərin nümayəndəsi kimi redaksiyaya müraciət edən Nadir Bayramov bildirib ki, 2013-ci ildən, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Xarici Dairəvi, 28 saylı binada yaşayan sakinlər (hazırda 7-ci mikrorayon A.Kunanbayev küçəsi bina 312) həmin ünvanda fəaliyyət göstərən “Dostlar” MTK-dan (sədr Fuad Əliyev) müqavilələr əsasında mənzillər əldə ediblər.

Şikayətçi vurğulayıb ki, indiyədək orada yaşamaqlarına baxmayaraq, 11 ildir ki, həmin bina, MTK-nın rəhbərliyi tərəfindən Dövlət Komissiyasına təhvil verilməyib. Vətəndaşın sözlərinə görə, sonradan onlara məlum olub ki, sədr Fuad Əliyev yaşadıqları binanı qeyri-yaşayış sahə kimi inşa etdirib, bu səbəbdən binanı qanunvericiliyin tələblərinə əsasən təhvil verə bilmir. Nadir Bayramov xatırladıb ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi proseduru müəyyənləşdirilib: ""Dostlar" MTK-nın sədri Fuad Əliyev zəruri sənədləri və məlumatları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinə təqdim etdiyini bildirsə də, 2 ay əvvəl Agentliyikdən hər hansı sənədin rəsmi qeydiyyatdan keçmədiyi bizə rəsmi olaraq bildirilib. “Dostlar” MTK-nın payçı üzvləri, dəfələrlə MTK-nın sədri cənab Fuad Əliyevə müraciət etsək də, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hüquqlarımızı kobudcasına pozur, heç bir məlumat və ya sənəd təqdim etmir. Maraqlıdır, Fuad Əliyev hansısa “dividendlər” əldə etmək məqsədi ilə dövlət orqanlarında binanı qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirib, sonra isə yaşayış sahəsi kimi sakinlərə satıb. Müqavilə tələblərini kobudcasına pozaraq 11 ildən çoxdur ki, sakinlər yaşadığı evin statusunu müəyyən edə bilmir. Nəticədə mülkiyyət, yaşayış və qeydiyyat hüquqları kobudcasına pozulur, qanunla qorunan mənafelərinə davamlı olaraq zərər yetirilir".
Şikayətçi əlavə edib ki, hansısa “şəxslərə” arxalanaraq “at oynadan” Fuad Əliyev, telefonlara belə cavab vermir: "Sözügedən binanın istismarına icazə verilməsi üçün əsas hesab edilən zəruri sənədləri və məlumatları təqdim etmir. Hesab edirik ki, binanı qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirən, dövləti və vətəndaşları aldadaraq mənzilləri yaşayış sahəsi kimi satmış Fuad Əliyev barəsində hüquq-mühafizə və vergi orqanları maraqlanmalı, əsaslı yoxlamalar aparılmalı və vətəndaşların pozulmuş,qanunla qorunan hüquq və mənafeləri bərpa edilməlidir".