YAP-ın siyahısına düşə bilməyən deputatın DURUMU DAHA DA GƏRGİNLƏŞİR - İTTİHAM VAR...
Gündəm / Siyasət
18-07-2024, 13:50
633
Xəbər verdiyimiz kimi, ötən gün hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı siyahısı təqdim olundu. Siyahıya nəzər yetirdikdə isə görürük ki, YAP-ın bir sıra funksionerlərinin adı budəfəki namizədlər siyahısında yer almayıb.
Yenicag.az-ın deputatların şəxsi biznesləri ilə bağlı apardığı araşdırmanın bugünkü “qonağı” Milli Məclisin V və VI çağırış üzrə YAP-dan olan deputatı Mahir Abbaszadədir.
Topdağıtmaz biznes və passiv deputatlıq fəaliyyətləri ilə seçilən M. Abbaszadə haqqında ölkə mətbuatında zaman-zaman bir sıra məlumatlar yer alıb.
Qeyd edək ki, Qarabağda bərpa-quruculuq işlərinin başlamasından sonra bir çox millət vəkilləri həmin ərazilərdə öz bizneslərini qurmaq üçün hərəkətə keçiblər. Həmin şəxslər arasında isə sözsüz ki, birinci yer M.Abbaszadəyə məxsusdur. 2020-ci il seçkilərində 121 saylı Laçın seçki dairəsindən namizədliyini verən M.Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl dükanlarına sahib olduğu bildirilir. Lakin haqqında korrupsiya faktları olduğu deyilən sabiq deputat bütün bunlara rəğmən dayanmayaraq, bu dəfə üzünü 8 il dalbadal təmsil etdiyi rayondakı biznes fəaliyyətini genişləndirməyə tutub. İddialara görə, M.Abbaszadə Laçında böyük otellər şəbəkəsi tikdirir, hətta inşa etdirdiyi kotteclər artıq fəaliyyətdədir.
Saytımıza daxil olan məlumata görə isə onun builki seçkilərdə adının siyahıya salınmamasının səbəbi haqqında olan korrupsiya faktlarıdır. Mənbə bildirir ki, onun biznes fəaliyyəti və dəbdəbəli yaşantısı YAP-ın siyasi imicinə zərər vurduğu üçün oliqarx deputat hakim partiya tərəfindən “vurulub”. Mənbənin sözlərinə görə, yaxın zamanlarda M.Abbaszadə haqqında biznes fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı geniş təhqiqat başlana bilər. Mənbəmiz əlavə edib ki, 8 il deputat kürsüsündə ağzına su alıb oturan sabiq parlamentari artıq “hədəf taxtası”na qoyulub.
Onu da xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olan M.Abbaszadənin 4 il öncə “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə verməsi ilə bağlı informasiyalar dərc olunmuşdu.
Maraq üçün qeyd edək ki, sabiq parlamentarinin öz həyat yoldaşına ad günündə aldığı 300 min avro dəyərində hədiyyə, qolundakı saatın 100 min dollar olması və s. məsələlər həmişə ölkə mediasının əsas mövzusu olub.
Uzun sözün qısası, M. Abbaszadə Azərbaycan mətbuatına onsuz da tanış bir şəxsdir. Lakin onu da deməliyik ki, YAP-ın sıralarında M. Abbaszadə kimi “qələmi qırılan” deputatlar çoxluq təşkil edir.
Yenicag.az M.Abbaszadənin namizədlər siyahısından kənarda qalması və onun barəsindəki məlumatları dəqiqləşdirmək üçün özü ilə əlaqə saxlamaq istəyib. Lakin M.Abbaszadə saytın suallarını cavablandırmaqdan imtina edib.
Mövzunu davam etdirəcəyik.