“Gəncə-Qənnadı” ASC-nin səhmlərinin 30 faizi özəlləşdirildi - MƏBLƏĞ

Gündəm / Sosial
10-10-2024, 16:32 211

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin daha bir iri istehsal müəssisəsinin - “Gəncə-Qənnadı” ASC-nin dövlətə məxsus və nizamnamə kapitalının 30,03 faizini təşkil edən səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub.

FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən fiziki şəxs Abdullayev Mahir Abdulla oğlu investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqənin qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 450.000 manat vəsait köçürməli və əlavə olaraq 1 il ərzində müəssisədə 450.000 manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində müəssisədə vafli bişirən sobanın, müxtəlif növ konfetlərin istehsalı üzrə avtomatik xəttin və onların bükülməsi üçün maşınların alınıb quraşdırılması, müəssisənin dam örtüyü və laboratoriyasının təmir olunması, yeni avadanlıqların alınması planlaşdırılır.

Müsabiqə qalibi tərəfindən investisiya qoyuluşları nəticəsində müəssisədə ən azı 15 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Gəncə Qənnadı” ASC keçmiş Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli 981 nömrəli sərəncamı ilə “Azəryeyintisənaye” Dövlət Şirkətinin Gəncə Qənnadı fabrikinin bazasında yaradılıb, həmin ildə müəssisənin səhmlərinin 70 faizədək hissəsi əmək kollektivi üzvlərinə güzəştli satış və ixtisaslaşdırılmış çek hərracları vasitəsilə özəlləşdirilib.