MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI

Gündəm / Sosial
Dünən, 16:39 112


Ağdam bölgəsinin Şəhid Şəmsi Bayramov adına Xındırıstan Kənd Uşaq Musiqi Məktəbində cərəyan edən özbaşınalıqlar barədə redaksiyamıza daxil olan şikayət ərizəsini oxuduqca dəhşətə gəlməmək olmur.

Həmin məktəbin müəlliməsi Xatirə Hacıyeva şikayət ərizəsində bildirir ki, məktəbimizə müvəqqəti direktor təyin edilmiş Rizvan Aslanov və köməkçisi Süsən Nəbiyeva əlbir olaraq onun hüquqlarını məhdudlaşdırırlar.

Öz işinin öhdəsindən gələ bilməyən Rizvan müəllim məktəbin idarəçiliyini Süsən müəlliməyə həvalə edib. O da, məktəbi intriqa yuvasına çevirib. Belə ki, müasir tipli ikimərtəbəli məktəbimizin daxilində olan 6 ədəd ayaqyolu otağından beşinin qapısını qıfıllayaraq, istifaədəsinə qadağa qoyub. Yalnız bir ayaqyolunun qapısını açıq qoyub ki, ondan da ancaq məktəb rəhbərliyi istifadə edir. Əvəzində isə məktəbin həyətinin uzaq hissəsində dəmir şiferlərdən 2 “tualet” düzəldiblər ki, digər müəllim və şagirdlər istifadə etsinlər. Ancaq həmin “tualet”lər avtomobil yolunun kənarında yerləşdiyinə görə, biz qadın müəllimələr ora gedəndə kənardan baxanların nəzərləri altında xəcalət təri tökürük. Tədris prosesində lazım olan internetin şifrəsini dəyişiblər ki, biz müəllimlərin çoxu ondan istifadə edə bilmirik. Üstəlik dərs bölgüsündə də müəllimlər arasında ayrı-seçkilik yaradırlar ki, bu da davamlı mübahisələrə və hətta dava-dalaşa səbəb olur. Evimdə xəstə övladım olduğunu və I Qarabağ Savaşının veteranı olan həyat yoldaşımın işsiz olduğunu dəfələrlə direktorun nəzərinə çatdırıb dərs saatlarımın artırılmasını xahiş etsəm də, heç bir faydası olmur. Mənə 12 saat dərs verdiyi halda, şirnikləndirmə yolu ilə ətrafına topladıqları müəllimləri 24 saat dərs yükü ilə təmin ediblər. Bununla əlaqədar şikayət edəcəyimi bildirəndə isə, “hara istəyirsənsə, şikayət elə!”-deyirlər. Hətta mənim əsəb xəstəliyinə salındığımı görən anam Sahibə Quliyeva, öncə Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi cənab Qalib Həsənovun, sonra isə məktəbimizin üç ildir ki, müvəqqəti direktoru funksiyasını icra edən Rizvan Aslanovun qəbulunda olsa da, faydası olmadı. Hətta R.Aslanov həddini aşaraq, bir qardaşı Quliyev Baloğlan Novruz oğlunun 1992-ci ildə I Qarabağ Savaşında Fərrux dağı uğrunda gedən döyüşlərdə 24 yaşında Şəhid olan, digər qardaşı həmin döyüşlərdə dəfələrlə yaralanıb II qrup əlilə çevrilən Quliyev Rafail Novruz oğlunun bacısı - anam Sahibə Quliyevanı məktəbi təcili tərk etməyəcəyi təqdirdə polis çağıracağı ilə hədələyib. Müvəqqəti direktor Şəhidimizin sözügedən musiqi məktəbinin tar sinfini bitirdiyini, sonralar isə elə oradaca tar müəllimi işlədiyini də nəzərə almadan belə hörmətsizliyə yol verib.

Problemlə əlaqədar araşdırma apararkən faktlar təsdiqləndi. Müvəqqəti direktor qısa müddətdə mövcud problemləri həll edib, redaksiyamıza məlumat verəcəyini bildirdi. Ancaq verdiyi sözə əməl etmədiyinə görə məsələni ictimailəşdirmək qərarına gəldik.

P,S. Görəsən Qarabağ Regonal Mədəniyyət İdarəsinin rəisi cənab Q.Həsənov mövcud problemlərə və özbaşınalıqlara niyə göz yumur? Üç il müvəqqəti direktor olar? Bu və digər sualların cavablarını aidiyyəti səlahiyyət sahiblərindən alan kimi izləyicilərimizin diqqətinə çatdıracağıq.

MİNA Tv.az-ın Araşdırma Bürosu.