DSX-nın “DC GROUP” MMC-dən aldığı avtoşinlərin keyfiyyətinə zəmanət varmı - İLGİNC FAKTLAR...
Gündəm / Sosial
31-10-2024, 16:40
166
Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən satınalmalarda ciddi qanun pozuntularına yol verilməsi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi barədə elektron mediada kifayət qədər geniş məlumatlar var. Bu məlumatlarda Dövlət Xidmətinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur.
Aktualinfo.org elə Dövlət Sərhəd Xidməti tərəfindən son aylarda keçirilmiş satınalmalarda yol verilən bəzi belə şübhəli məqamları araşdırıb.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Dövlət Sərhəd Xidməti tərəfindən minik avtomobilləri üçün avtoşinlərin satın alınması üzrə “DC GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 246.864,45 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 25.05.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən minik avtomobilləri üçün avtoşinlərin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 475.256,80 manat müəyyən edilib.
Bundan əlavə Dövlət Sərhəd Xidməti “DC GROUP” MMC ilə 626.999,89 manat məbləğində bir satınalma müqaviləsi də Maz-531605 (631708) markalı yük avtomobilləri və ZTR markalı döyüş texnikaları üçün avtoşinlərin alınması üzrə bağlayıb. Bu məlumat da dövlət satınalmalarının vahid internet portalında 25.05.2024-cü il tarixdə dərc edilib.Dövlət Sərhəd Xidməti tərəfindən yük avtomobilləri və döyüş texnikaları üçün avtoşinlərin satın alınması üzrə keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 972.320,00 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardanda görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Dövlət Sərhəd Xidməti hər iki açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “DC GROUP” MMC ilə ümumi dəyəri 873 863 manat olan iki satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DC GROUP” (VÖEN:3100167861) Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.05.2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, MASAZIR, MASAZIR KƏNDİ, qanuni təmsilçisi kimi isə Fərzəliyev Oleq Təvəkkül oğlu qeyd olunub. Adı 2017-ci ilə qədər “Cavad ” MMC olub.
Göründüyü kimi Dövlət Sərhəd Xidməti ilə “DC GROUP” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artır.
Bu isə o deməkdir ki, Dövlət Sərhəd Xidmətinin avtomobilləri keyfiyyətsiz şinlərlə təchiz olnur. Bu isə öz novbəsində avtomobillərin xidmət zamanı hər an təhlükə ilə üzləşə biləcəyini istisna etmir. Belə olan halda Dövlət Sərhəd Xidməti “DC GROUP” MMC -dən keyfiyyətsiz şinlərin alınmasına niyə yol verir?
Redaksiya Dövlət Sərhəd Xidmətinə “DC GROUP” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı,satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı,tələb olunan digər uyğunluq göstəriciləri və ehtimal olunan qiymətdən dəfələrlə aşağı təklif olunan qiymət arasındakı fərqi əsaslandırması məqsədi ilə sorğu ünvanladı. Qurum həmişə olduğu kimi sorğu məktubunu cavabsız qoydu.
Aktualinfo.org