Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT

Gündəm / Sosial
28-05-2025, 16:56 19

Uzun illər “Azərsu” ASC-də, daha sonra bu qurumun bazasında yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”ndə Energetika şöbəsinin rəis müavini işləmiş Vilayət Məmmədov işdən qanunsuz çıxarıldığını iddia edərək, məhkəməyə müraciət edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsə (PHŞ) qarşı məhkəmədə qaldırdığı iddiada o, işdən çıxarılması haqda əmrin qanunsuz sayılaraq ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını və işsiz qaldığı dövrdə almalı olduğu əməkhaqqının hesablanıb, tam şəkildə ödənilməsini tələb edib.

O, 1982-ci ildə Bakı Energetika Texnikomunu, 1990-cı ildə isə Azərbaycan Dövlət Neft və Kimya İnsitutunu “energetik” ixitası üzrə “fərqlənmə diplomu” ilə bitirib. Dediyinə görə, əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş energetik vəzifəsinə kimi yüksəlib.

Deyir ki, 2011-ci ildən “Azərsu”da işləyib. 2021-ci ildən Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 2024-cü ilin avqustunda ona deyilib ki, tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşəcək və 9 həftədən sonra işdən azad ediləcək.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Tahir Xəlilovun 14 oktyabr 2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı) əsasında xitam verilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən təsdiq edilmiş Aktda isə göstərilib ki, şikayətçi ştat vahidinin ixtisarı ilə əlaqədar Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir İdarədə Energetika şöbəsində energetik vəzifəsi təklif olunub. Lakin o, imtina edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin kadrlar üzrə baş məsləhətçisi də bu iş üzrə məhkəmə prosesinə çağrılaraq dindirilib. O bildirib ki, şikayətçiyə ixtisara düşmüş vəzifəsinin əvəzində iş təklif olunub, lakin özü razılaşmayıb:

“Özü dedi ki, ona Meliorasiya xidmətindən iş təklifi gəlib, o, sektor müdiri gedəcək. Ona deyilmişdi ki, burada da ona iş təklif edirlər - Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir idarədə Energetika şöbəsində “energetik” yeri var, orada onu yerləşdirə bilərlər. Özü istəmədi. Avqustun 5-də ərizə yazdı. 3 gün sonra gəlib dedi ki, ərizəsi etibarsız hesab edilsin, orada onu işə götürmədilər. Bu zaman ona yenə əvvəlki işləri təklif elədilər. Lakin o, imtina elədi. Dedi ki, Aparatda qalmaq istəyirəm. Bundan sonra akt tərtib olundu, imzalamaq üçün ona verildi. Lakin o, imzalamaqdan imtina elədi. Ona poçt vasitəsilə göndərildi”.

Yasamal Rayon Məhkəməsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə qarşı şikayəti təmin etməyib. Lakin şikayətçi bununla razılaşmayıb, apellyasiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi onu haqlı sayıb və iddiasını təmin edib. Onunla bağlı əmrin ləğvi, vəzifəsinə bərpası və əməkhaqqının ödənilməsi barədə qərar çıxarılıb.

Bizimyol.info