Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR

Gündəm / Aktual
Dünən, 18:52 360

Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev küçəsi 19 ünvanda qanunsuz qeyri-yaşayış obyekti tikilir. Əhatə etdiyti sahənin böyüklüyündən, vizual görüntüsündən bəlli olur ki, obyekt ticarət mərkəzi olacaq.

Öyrənmişik ki, tikilən obyektin aidiyyəti qurumlardan heç bir icazə sənədi yoxdur. Obyektin sahibi kimi Vətən müharibəsi qazisi olan bir şəxsi qabağa veriblər. Aydın məsələdir ki, hətta həmin şəxs doğrudan da obyektin gerçək sahibidirsə də, ona bir müharibə veteranı kimi dövlətin verdiyi imtiyazlar sırasına qanunun tələbləriniu tapdalamaq ixtiyarı yoxdur. Başa düşülən odur ki, əsl sahibkar başqa adamdır, bəlkə də hətta ola bilər sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan dövlət məmurudur. Həmçinin məlumatlarda qeyd olunur ki, qazinin nüfuzu keçməyəndə qanunu onlara xatırladana obyektin Penitensiar Xidmətin rəisi, ədliyyə generalı Mirsaleh Seyidova məxsus olduğunu deyib hədə-qorxu gəlirlər.
Əlbəttə, hazırki Azərbaycan reallığında kifayət qədər böyük ərazini əhatə edən və görünən yerdə olan bir obyekti qanunsuz inşa etmək üçün korruptiv cəmiyyətdə gərək ya rüşvət vermək üçün böyük maddi imkana, ya da təzyiq göstərmək üçün böyük vəzifəyə, təsir rıçaqlarına malik olmaq lazımdır. Heç cür inanılası deyil ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin az qala hər yerdə müşahidələr aparan, qulaqları səsdə olan funksionerlərinin sözügedən obyektdən xəbərləri olmasın. Yəqin ki, onlar qurşandıqları korrupsiyaya görə nə vaxtsa həbsxanaya düşə biləcəklərini nəzərə alıb indidən Penitensiar Xidmət rəisinin “qara siyahısına” düşmək istəmirlər.
Amma əlbəttə ki, Suraxanı rayonunda qanun-qaydanın, ictimai ədalətin təmin edilməsinin qarantı kimi ilk növbədə rayon icra hakimiyyətinin başçısı cənab Adil Əliyev ağıla gəlir. Çünki o, hələ başçı vəzifəsinə təyin olunana qədər ölkədə kifayət qədər tanınmış ictimai-siyasi xadim idi. Onun gəlişi ilə rayonda bütün müstəvilərdə müsbət istiqamətdə dəyişikliklər olacağına gözləntilər çoxdu. Ən çox narahatçılıq doğuran təzahürlərdən biri isə məhz özbaşına tikililərin artması idi. Görünən odur ki, Adil Əliyev bu mənfi tendensiyanı dəyişə bilməyib.(nyus.az)