Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR

Gündəm / Sosial
Bu gün, 10:23 12

Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb.

Bəs pensiyalardakı bu artım vətəndaşların sosial rifahına nə dərəcədə təsir edir? Mövcud məbləğlər hazırkı yaşayış xərcləri fonunda kifayət edirmi?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, bu artım müsbət haldır:

“Lakin nəzərə almaq lazımdır ki, orta pensiya bütün pensiyaçıların məhz bu məbləği aldığı anlamına gəlmir. Hazırda minimum pensiya 320 manatdır və pensiyaların əhəmiyyətli hissəsi orta göstəricidən aşağıdır. Eyni zamanda, müxtəlif dövlət vəzifələrində və yüksək əməkhaqqı olan sahələrdə çalışmış vətəndaşlar daha yüksək pensiya alırlar. Nəticədə yüksək və aşağı pensiyaların ümumi riyazi ortalaması 594 manat 40 qəpik təşkil edir. Hazırda orta aylıq əməkhaqqının 1000 manatdan yüksək olduğunu nəzərə alsaq, orta əməkhaqqı ilə orta pensiya arasındakı fərqin azalması məqsədəuyğun olardı. Bu, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərə bilər”.

İqtisadçı bildirib ki, pensiyaların artımını qiymətləndirərkən yalnız nominal artıma deyil, ərzaq, dərman, qeyri-ərzaq məhsulları, yanacaq və digər zəruri xərclərin qiymətlərindəki dəyişikliklərə də diqqət yetirmək lazımdır:

“Əgər qiymət artımı pensiyaların artım tempini üstələyirsə, nominal artımı əhalinin real rifahının yüksəlməsi kimi qiymətləndirmək mümkün deyil. Bu baxımdan sosial rifahın yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac var. İlk növbədə minimum əməkhaqqının 400 manatdan 660 manata, yəni orta aylıq əməkhaqqının təxminən 60 faizinə qədər artırılması məqsədəuyğun olardı. Eyni zamanda, pensiya yaşında olan vətəndaşların pensiyalarının minimum əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması vacibdir”.

Ekspertin sözlərinə görə, hazırda aylıq istehlak səbətinin təxminən 300 manat səviyyəsində müəyyənləşdirilməsi real xərcləri tam əks etdirmir:

“Mövcud qiymətləri nəzərə alsaq, bir nəfərin minimum səviyyədə yaşaması üçün zəruri xərclərin təxminən 600 manat civarında qiymətləndirilməsi daha real görünür. Buna görə də həm minimum pensiyanın, həm də minimum əməkhaqqının artırılmasına ehtiyac var. Digər tərəfdən, minimum əməkhaqqı ilə çalışan bəzi vətəndaşlar özəl müəssisələrdə əmək müqaviləsində göstəriləndən əlavə gəlir əldə edir və bu vəsait müəyyən hallarda nağd şəkildə ödənilir. Bu isə vergidən yayınma hallarına səbəb ola bilər.

Bütün hallarda orta pensiya məbləğinin artması müsbət göstərici olsa da, onun vətəndaşların gündəlik həyatına real təsirini qiymətləndirmək üçün qiymət artımının səviyyəsi də nəzərə alınmalıdır. Buna görə də həm minimum pensiyanın artırılması, həm də istehlak səbətinin hesablanması mexanizminə yenidən baxılması vacibdir”.