“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
Gündəm / Seçilmişlər
Dünən, 11:01
257
“Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb, avtomobilinə dəyən ziyanı ödəmir.
Bu barədə Valyuta.az-a zərərçəkən İmişli sakini Əyyub Xaliq oğlu Yusifov bildirilib.
O bildirilib ki, ötən ilin oktyabr ayının 23-də səhər saatlarında İmişli rayon Qaralar dairəsində ona məxsus "Mercedes-Benz" E240 markalı 77. DO 348 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nuriyev Vüqar Rəhman oğlunun idarə etdiyi "Qaz 5312" markalı 30 BL 494 dövlət nömrə nişanlı avtomobil ilə toqquşub.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Avtomobil qəzası isə qarşı tərəfin günahı səbəbindən baş verib. Bunu yol polisinin tərtib etdiyi akt da sübut edir. Belə ki, İmişli rayon Polis Şöbəsinin DYPB-də yol-nəqliyyat hadisəsi araşdırılıb və "Qaz 5312" markalı 30 BL 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nuriyev Vüqar Rəhman oğlu barəsində İnzibati Xətalar Məcəllərinin 327.2 maddəsi ilə İXP6642859 saylı inzibati protokol tərtib olunub.
Avtomobilə dəymiş zərər üzrə "İmişli VAZ Təmir Stansiyası" MMC-də baxış keçirilib və şirkət tərəfindən avtomobilə dəyən zərərin 6010 manat olduğu müəyyən edilib.
Yol nəqliyyat hadisəsinə dair sənədlər 408957 nömrəli forma-4 elektron qaydada Qala Sığorta ASC-yə göndərilib. Sığorta şirkəti isə bununla razılaşmayıb avtomobilə dəyən zərərin 4500 manat olduğunu açıqlayıb. Bununla belə, sığorta şirkəti sonradan qərarını dəyişib və zərəri ödəməkdən də imtina edib. Bildirilib ki, qəzaya səbəbkar "Qaz 5312"-nin sürücüsü deyil, Əyyub Yusifovdur. Hətta yol polisinin qərarından İmişli rayon prokurorluğuna şikayət edib. Prokurorluq isə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən “Qala Sığorta”nın şikayətini rədd edib.
İmişli sakini sığorta şirkətinin 7-8 aylıq süründürməçiliyindən sonra Mərkəzi Banka şikayət etməyə məcbuq qaldığını bildirilib. O qeyd edib ki, məsələ ilə bağlı may ayında AMB-yə şikayət ünvanlayıb. Tənzimləyici qurumdan məsələyə adekvat reaksiya veriləcəyini ümid edir.(Valyuta.az)
Qeyd edək ki, qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.