Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Gündəm / Aktual
Bu gün, 12:48
11
"DogruXeber.az" yazır ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsini vərəqləyib, fəaliyyəti ilə maraqlandıq.
Həqiqəti deyək: maraqlanmağa heç nə yoxdur. Rəsmi səhifədə aylarla heç bir paylaşım yoxdur – tədbir yoxdur, sosial problemə toxunuş yoxdur. Yalnız iyunun 23-də dövlət qulluqçularının peşə bayramı qeyd olunub, o da yəqin ki, “öz aralarında” – onsuz da Cəbrayıl camaatının çox vaxt heç nədən xəbəri olmur.
Bəli, əgər bir rayonda icra başçısı kabinetində otura-otura “icraçılıq” edirsə, camaatın dərdinə deyil, kreslosunun yumşaqlığına fokuslanıbsa, orada nə inkişaf olar, nə ədalət, nə də dövlət etibarının izi qalar. Kamal Həsənovun “idarəçilik fəlsəfəsi” budur: qapıları bağla, telefonu açma, camaata baxma, amma kresloda möhkəm otur!
"DogruXeber.az" olaraq Cəbrayıl sakinlərinin dəfələrlə dilə gətirdiyi gileyləri yazırıq və yenidən xatırladırıq:
Rayon ərazisində yerləşən qəsəbələrdə antisanitariya hökm sürür, içməli su çatışmazlığı illərlə həll olunmur, əkinə yararlı torpaq sahələri səlahiyyət sahibləri tərəfindən zəbt edilib, qazilər və şəhid ailələri başçının diqqətindən kənarda qalıb. Amma Kamal Həsənov üçün bu insanlar vətəndaş yox, sanki “maneə”dir.
Bir dəhşətli həyat hekayəsini burada xüsusi olaraq qeyd etməyə borcluyuq. 1992-ci ildə Vətən uğrunda canından keçən şəhid Elçin Kərimovun ailəsi bu gün də ağır sosial şəraitdə yaşamağa məcburdur. Ailənin atası Ataş Kərimov uzun illərdir Bakı Dövlət Pedaqoji Kollecinin yataqxanasında, bircə otaqda, geniş ailə tərkibi ilə birlikdə yaşamağa məcbur qalıb. Üstəlik, bu otaq liftsiz binanın yeddinci mərtəbəsində yerləşir.
Şəhidin anası, ürək xəstəsi Dilşad ana isə ötən il həmin darısqal və havasız otaqda, hərəkətsizlik və evsizlik ucbatından dünyasını dəyişdi. Bütün bu acı və utancverici reallıqlara baxmayaraq, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun "tükü belə tərpənmədi". Sanki nə şəhid, nə ailə, nə də vicdan adlı anlayış bu məmurun dünyasında mövcuddur.
Əziz oxucular, dövlət başçısının hər dəfə səsləndirdiyi “şəhid ailələrinə xüsusi diqqət”, “vətəndaşla təmas”, “səyyar qəbul və açıq ünsiyyət” prinsipləri Cəbrayılın icra başçısına ya çatmayıb, ya da Kamal müəllim bu çağırışları "əhalini maraqlandırmayan detallara" sayır.
Amma onu maraqlandıran bir “detal” var, o, da dostu Elman Rüstəmov. Bəli, Mərkəzi Bankın keçmiş sədri, hazırda baş nazirin müşaviri - onun dayağı.
Kamal Həsənovun bu cür toxunulmazlığı birbaşa dostuna söykənir. Və görünən budur ki, dostluq rahatlığı vətəndaş haqqından dəyərlidir onun üçün.
"DogruXeber.az" xəbər verir: Cəbrayıl camaatı yorulub. İllərdir sükutla deyilən "bəlkə dəyişər" ümidi qəzəbə çevrilib. İnsanlar bu laqeydliyin, bu başısoyuqluğun hesabını istəyir. Amma Kamal Həsənov? Yox, o hələ də rahat yuxudadır. Görünür, kreslosunun altı hələ titrəməyib.
DogruXeber.az