Bulvar yoxsa Zakir Fərəcovun şəxsi təsərrüfatı ?– Sumqayıt bulvarı ilə bağlı ilginc faktlar

Gündəm / Seçilmişlər
Bu gün, 12:03 22
Bulvar yoxsa Zakir Fərəcovun şəxsi təsərrüfatı ?– Sumqayıt bulvarı ilə bağlı ilginc faktlar

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt bulvarını az qala şəxsi təsərrüfatı kimi idarə edir.
Anaxeber.az-ın məlumatına görə, bulvarda fəaliyyət göstərən iaşə obyektlərinin əksəriyyətinin Zakir Fərəcova məxsus olduğu iddia edilir. Bu iddialara Zakir Fərəcov haqqında mediada dərc edilən materiallarda rast gəlinir.
İcra başçısı indiyədək həmin iddiaları təkzib etməyib.
Zakir Fərəcov təkcə bulvarı deyil, bulvarın idarəçiliyini həyata keçirən “Sumqayıt Bulvar” MMC-ni də özününküləşdrib. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində fəaliyyət göstərən bu MMC 2017-ci ildə təsis edilib. Rəhbəri Seymur Məmmədovdur.
Seymur Məmmədovun Zakir Fərəcova yaxın şəxs olduğu bildirilir.
“Sumqayıt Bulvar” MMC-nin keçirdiyi tenderlərdə də qaranlıq məqamlar çoxdur. MMC müstəqil şəkildə satınalma müsabiqəsi elan etsə də, şübhəsiz ki, yekunda icra hakimiyyətinin razılığı əsasında satınalma müqaviləsi ilə imzalanır.
MMC 2025-ci ildə 4 satınalma müsabiqəsi keçirib. Bu müsabiqələr üzrə satınalma predmetləri aşağıdakılardır:
- Fontanlarin, su anbarlarinin və çiləyici sistemlərin təmiri və bərpası;
- Dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satınalması;
- Güllərin və qazonun alınması və əkilməsinin satın alınması;
- Sumqayıt Bulvarının cari təmiri.
Müsabiqələrdə müvafiq olaraq “Kaspian Standart” MMC, “Lider Dezinfeskiya” MMC, Nigar Rauf qızı Bağırova və “Vedibasar İnşaat” MMC qalib seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsrullayev Fuad Nazim oğludur.
2022-ci ildə "Kaspian Standart" MMC-nin adı dövlə satınalmaları ilə bağlı sənədlərin saxtalaşdırılmasında hallanıb.
Bundan başqa, məlum olur ki, sözügedən şirkət dəftərxana və təsərrüfat mallarının satışından tutumuş, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması ilə də məşğuldur. Arada da “Sumqayıt Bulvarı” MMC kimi satınalan təşkilatlar üçün təmir işləri də həyata keçirir.
Bu faktlar “Kaspian Standart” MMC-nin şübhəli şirkət olduğunu düşünmək üçün yetərlidir.
“Sumqayıt Bulvarı” MMC-nin keçirdiyi satınalma müsabiqələrinin tez-tez qalibi seçilən Nigar Bağırova haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Nə sirdirsə, “Sumqayıt Bulvar” MMC-yə gül və kollar, həmçinin qazon lazım olanda adıçəkilən sahibkara müraciət edir.
“Sumqayıt Bulvar” MMC-nin tenderlərini udan “Vedibasar İnşaat” MMC də müəmmalı şirkətdir.
Şirkət 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur.
Şirkətin madi-texniki bazası, əlaqə telefonları haqqında heç bir məlumat yoxdur. Qanuni təmsilçisi haqqında da məlumatlara rast gəlinmir. Mümkündür ki, “Vedibasar İnşaat” MMC də tenderlərdə iştirak edən, lakin kağız üzərində olan şirkətlərdən biridir.
Göründüyü kimi Sumqayıt bulvarı təkcə iaşə obyektləri ilə deyil, həm də bu MMC vasitəsilə Zakir Fərəcovun biznes imperiyasının genişlənməsində mühüm rol oynayır.

Azər Talıbov
Siyaset.info