Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO
Gündəm / Sosial
Bu gün, 12:53
10
Sosial şəbəkələrdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun bir məclisdə Məmməd Arazın şeirini dediyi bir video çarxa rast gəldik. Həmin anlarda sürücünün gülməsi diqqətdən qaçmır.
Sürücü Məmməd Arazın ruhuna sayğısızlıq edib şeirə gülür, yoxsa öz rəhbərinin hərəkətlərini şou kimi qiymətləndirib gülür — bunu ən yaxşı onun öz vicdanı bilər.
Biz Araz müəllimin şeir həvəsinə, öz aləmindəki bu "sadəliyinə" söz demirik. Şeir sevmək pis şey deyil. Amma məsələ burasındadır ki, Masallı sakininin bu gün şeirdən daha çox öz dərdinə əlac edən icra başçısına ehtiyacı var!
Hörmətli Araz müəllim, o kameralar qarşısında şeirə ayırdığınız qiymətli vaxtı, kaş ki, Masallı rayonunda illərdir dağ kimi qalan, toz basmış problemlərə ayırasınız.
Məsələn, Əmlak Komitəsindəki Sultan və Eynulla adlı əməkdaşların Masallı bələdiyyəsi ilə əlbir olub kənd sakininin torpağını saxta yolla satmasına vaxt ayırın! Neçə-neçə vətəndaşın pay torpağının qanunsuz yolla mənimsənilib başqalarına peşkəş edilməsi faktlarını araşdırmağa vaxt ayırın!
Qapınıza gələn çarəsiz vətəndaşa "buna biz baxmırıq" deyib başından eləmək ən rahat yoldur. Amma siz oraya rahatlıq üçün yox, Prezidentin yerli nümayəndəsi olaraq xalqın problemini öz probleminiz kimi həll etmək üçün təyin olunmusunuz.
Masallı camaatı sizdən kamera qarşısında şeir demək yox, haqsızlığın, qanunsuzluğun kökünü kəsəcək sərt tapşırıqlar və real iş gözləyir.
Şeiri şairlər də deyər, Araz müəllim... Siz icra başçısısınız, icraat görün! Torpağı əlindən alınan, qapılarda qalan masallıların ahı şeir qafiyəsinə sığmır!
Sima Babayeva
VİDEO LİNKDƏ: https://teref.net/manset/422090-surucunun-gulusumasalli-rayonu-icra-bascisi-araz-ehmedovun-seiri-masallinin-aci-heqiqeti.html
