Ankara Liseyində valideynlərdən niyə pul yığılır?

Gündəm / Sosial
Dünən, 16:35 9

Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Ankara Liseyində valideynlərdən pul yığılması ilə bağlı iddialar səsləndirilib.
Xalq məlumat verir ki, “Azərbaycan Reallığı”na liseydə təhsil alan, adlarının açıqlanmasını istəməyən bir neçə şagirdin valideynləri tərəfindən daxil olan məlumatda bildirilir ki, sözügedən vəsait məktəbdə çalışan müəllimlər tərəfindən yığılır.
Valideynlərin iddiasına görə, pul yığımı birbaşa lisey direktorunun adı ilə həyata keçirilir. Bildirilir ki, bu vəsaitin toplanmasına səbəb qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçiriləcək bayram şənliyi ilə əlaqələndirilir.
Məlumat verən valideynlər qeyd edirlər ki, pul yığımı könüllü kimi təqdim olunsa da, faktiki olaraq bu proses valideynlər və şagirdlər üzərində müəyyən narahatlıq və təzyiq yaradır.
Onlar hesab edirlər ki, dövlət təhsil müəssisəsində bu cür hallara yol verilməməli, bayram tədbirləri valideynlərdən əlavə maliyyə vəsaiti tələb edilmədən təşkil olunmalıdır.(Xalq.online)