Şagird daşınmasında “Baku Rent Service”dən valideynlərin narahatlığı
Gündəm / Sosial
Bu gün, 16:43
30

Tehsil.media olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) “Baku Rent Service” (BRS) şirkəti ilə bağladığı müqavilə və bu müqavilədən doğan ciddi problemlər barədə ötən yazımızda məlumat vermişdik. Lakin şikayətlərin ardı-arası kəsilmir, valideynlərin narahatlığı isə pik həddə çatıb. İctimaiyyəti düşündürən suallara işıq tutmaq üçün mövzunu daha dərindən araşdırdıq.
Dövlət vəsaiti hara gedir? Keyfiyyət, yoxsa “cib marağı”?
Abşeron, Qobu və Sumqayıt ərazilərində təmirdə olan məktəblərin şagirdlərinin digər təhsil müəssisələrinə daşınması üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Əvvəlki şirkətlə proses qanuni və uğurlu şəkildə icra edilsə də, MÜTDA-nın “daha ucuz təklif” adı altında müqaviləni dəyişməsi vəziyyəti acınacaqlı hala salıb. Ortaya çıxan mənzərə isə budur: Daha az xərc, daha çox qazanc həvəsi uşaqların təhlükəsizliyini arxa plana keçirib.
Müqavilə şərtlərinə əsasən xəttə 24 marşrut çıxmalı olduğu halda, hazırda cəmi 16 avtobus fəaliyyət göstərir. Bu o deməkdir ki:
24 avtobusa sığmalı olan yüzlərlə şagird 16 avtobusa “sıxışdırılır”.
Avtobuslarda nəfəs almağa yer yoxdur, uşaqlar üst-üstə, ayaqüstə daşınır.
Gigiyena və təmizlik qaydaları tamamilə unudulub, nəqliyyat vasitələri bərbad vəziyyətdədir.
Şirkətin fəaliyyətində qanunvericiliyin kobud şəkildə pozulduğu aşkar görünür:
Yaş həddi: Dövlət qanunlarını sarsıdan fakt – sükan arxasında hətta 75 yaşlı sürücülər var.
Əmək müqaviləsi yoxdur: Sürücülərin çoxu rəsmi qeydiyyatsız çalışır. Bu isə nə sığorta, nə də məsuliyyət deməkdir.
Davranış qaydaları: Sürücülərin şagirdlərlə kobud rəftarı, təhqiramiz ifadələr işlətməsi valideynlərin əsas şikayət mövzusudur.
Xarici dövlət nişanları: Daşınma prosesində xarici dövlət nömrə nişanlı maşınlardan istifadə olunur ki, bu da hüquqi suallar doğurur.
Marşrutdan kənarlaşma: Avtobuslar müəyyən olunmuş trayektoriya ilə deyil, uşaqları təhlükəli və kənar ərazilərdə düşürərək hərəkət edir.
Tehsil.media olaraq inanırıq ki, uşaqlarımızın təhlükəsizliyi hər bir dövlət qurumu üçün əsas məsələdir. Lakin apardığımız müşahidələr və bizə daxil olan çoxsaylı şikayətlər göstərir ki, hazırkı daşınma prosesində ciddi boşluqlar mövcuddur.
Ümid edirik ki, şikayətlər nəzərə alınaraq lazımi addımlar atılacaqdır:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA): Avtobusların say tərkibi, texniki vəziyyəti və xarici nömrə nişanlı nəqliyyat vasitələrinin şagird daşınmasına cəlb edilməsinin qanuniliyini yoxlamağınızı;
Dövlət Yol Polisi: Sürücülərin yaş həddi, sürücülük hüququ və marşrut trayektoriyasına əməl edilib-edilməməsinə nəzarəti gücləndirməyinizi;
Dövlət Əmək Müfəttişliyi Xidməti: Sürücülərlə əmək müqavilələrinin bağlanıb-bağlanmadığını və əmək hüquqlarının qorunmasını nəzarətə götürməyinizi;
Elm və Təhsil Nazirliyi: Tender şərtlərinin icrasına və uşaqların psixoloji/fiziki təhlükəsizliyinə xüsusi diqqət ayırmağınızı xahiş edirik.
Məqsədimiz kimisə günahlandırmaq deyil, baş verə biləcək bədbəxt hadisələrin qarşısını öncədən almaqdır. Ümid edirik ki, bu yazımızdan sonra qeyd olunan çatışmazlıqlar qısa zamanda aradan qaldırılacaq və valideynlərin narahatlığına son qoyulacaq.
Tehsil.media