“Pulun varsa qapılar üzünə açıqdır”, “pulun yoxdursa sus”...

Gündəm / Cəmiyyət
Bu gün, 17:00 23

Abdullayeva Kəmalə Balaş qızı tərəfindən növbəti dəfə Azmedia.info.az-ın redaksiyasına məktub daxil olmuşdur. Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edən vətəndaş bildirir ki, o, Baş Prokuror Kamran Əliyevdən şəxsi hansısa imtiyaz yox, Baş Prokurordan verdiyi sözün arxasında durmasını, rəhbərlik etdiyi orqanda korrupsiyanın, rüşvətin qarşısını almasını, qanunun pul qarşılığında tətbiq edilməməsini, vətəndaşları dövlətdən, hakimiyyətdən narazı salmamasını və Prokurorluq sistemində adicə, elementar intizamın bərpa olunmasını tələb edir. Müraciəti olduğu kimi dərc edirik.

Hörmətli Mehriban xanım!
Sizə bu müraciəti yazmaq məcburiyyətində qalmağım heç də təsadüfi deyil, tək bir vətəndaşın, bir ailənin düşdüyü problemdən irəli gəlmir, ümumi cəmiyyətin gündəlik üzləşdiyi problemlərin-vəziyyətin ciddiliyindən irəli gəlir.
Bildirirəm ki, illərdir dəfələrlə Baş Prokuror Kamran Əliyevin qəbulunda olmuşam. Sonuncu dəfə bir neçə gün bundan öncə qəbulunda olmuşam. Hər dəfə müraciətimi şəxsən təqdim etmişəm. Bildirmişəm ki, pulumuz yoxdur, soruşmayın Sizdən kim pul tələb edir, çünki özünüz çox yaxşı bilirsiniz. Həmişə olduğu kimi, bu dəfə də mənə "narahat olmayın, nəzərimdədir, həllini tapacaq" deyə bildirmişdi.
Sırf Baş Prokurorun yanında olmağım barədə məlumat vermək məqsədilə idarə rəisi Elnur Musayevin qəbulunda olduğum zaman tamamilə fərqli və qəbuledilməz mənzərə ilə qarşılaşdım. Nəinki qəbul edilmədim, hətta Baş Prokuror Kamran Əliyevin qəbulunda olduğumu bildirməyimi belə vecinə almadı. Açıq şəkildə qəbuldan imtina edildi və bu imtina heç bir araşdırma olmadan həyata keçirildi.
Mən hesab etmirəm ki, hansısa idarə rəisi, hansısa sıravi prokuror Baş Prokuroru eşitməsin və yaxud da vecinə almasın!
Bu Baş Prokurorun bu gün prokurorluq sistemində yaratdığı oyundur və təşkil etdiyi iş prinsipidir. "Mən vətəndaşı qəbul edəcəm, probleminin həll ediləcəyinə söz verəcəm", "vətəndaş qəbuldan məmnun qalsın". Lakin, problemin həllinə gəldikdə Siz vətəndaşı qapınızdan "iti qovan kimi qovun"! Vətəndaş anlamalıdır və bilməlidir ki, pulsuz problem həll edilə bilməz!?
Hörmətli Mehriban xanım!
-Ola bilərmi ki, Baş Prokuror qəbulda dediyi sözlər Prokurorluğun idarə rəisləri, sıravi prokurorlar üçün heç bir əhəmiyyət kəsb etməsin?
-Ola bilərmi ki, Prokurorluq sistemində Baş Prokurorun tapşırığını, mövqeyini və sözünü saymayan prokuror olsun? Belə bir prokuror varsa kimdir o prokuror!?
- Yoxsa vətəndaşlara deyilən "həll olunacaq", "həllini tapacaq" ifadəsi sadəcə vətəndaşları başından etmək üçün Baş Prokurorun taktikasıdır!?
Baş Prokurorun qəbulunda olmuş və bu qəbuldan sonra aşağı səviyyəli idarə rəisi və sıravi bir prokuror tərəfindən qovulan, aşağılanan vətəndaş nə anlamalıdır? Necə başa düşməlidir?
Əlbəttə ki, cəmiyyət anlayır ki, bu problem nə bir idarə rəisinin, nə də ki, sıravi bir prokurorun davranışında-hərəkətlərində deyil, problem Baş Prokurordadı.
Bu problemlər barədə, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinə və aidiyyəti nəzarət və icra orqanlarına dəfələrlə rəsmi müraciətlər etmişəm. Müraciətlərim mətbuatda dərc olunmuşdur.
Hörmətli Mehriban xanım!
Mən Baş Prokuror Kamran Əliyevdən şəxsi hansısa imtiyaz yox, Baş Prokurordan verdiyin sözün arxasında durmasını, rəhbərlik etdiyi orqanda korrupsiyanın, rüşvətin qarşısını almasını, qanunun pul qarşılığında tətbiq edilməməsini, vətəndaşları dövlətdən, hakimiyyətdən narazı salmamasını və Prokurorluq sistemində adicə, elementar intizamın bərpa olunmasını tələb edirəm.
Əks halda idarə rəisi və sıravi prokurorlar tərəfindən "pulun yoxdursa sus", "Pul verməsən işin düzələn deyil", "hara gedirsən get, kimə deyirsən de", "yuxarılar hər şeyi bilir", "mən dövlətə xidmət edirəm", “pulun varsa qapılar üzünə açıqdır” və sairə və ilaxirə kimi cəmiyyətin şüuruna yeridilən şablon mesajlar dövlətimiz və dövlətçiliyimiz üçün çox təhlükəlidir.
Baş Prokuror danışır, amma onu sayan yoxdur, bu da inandırıcı görünmür!?
Bir daha qeyd edirəm, problem prokurorluq sistemində deyil, problem Baş Prokurordadır!
Hörmətli Mehriban xanım!
Bizim ailəmiz, əmlakımız daima Baş Prokurorun hədəfində olmuşuq. Baş Prokuror bizim ailəmizə qarşı qisasçılıq hissi ilə yaşayır.
Prezidentə, Sizə və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə olan bu açıq müraciətimdən sonra Baş Prokuror  bizim ailəmizdən növbəti dəfə qisas alacaqdır. Bu dəfə əmlakımız yoxdur yandırtdıra, əlimizdən aldıra, ancaq kimi tutduracaq onu bilmirik.
Bu Baş Prokuror tərəfindən bir ailənin qəsdinə durması deyil. Bu faciə təkcə bir vətəndaşın, bir ailənin faciəsi deyil, bu Baş Prokuror tərəfindən cəmiyyətə tətbiq edilən faciədir.
Sizdən xahiş edirik, faciənin qarşısının alınmasına, Baş Prokurorun dayandırılmasına göstəriş verəsiniz.