“Prokuror vəzifəsi ilə verilən qərar bir ailənin taleyini təhlükə altın alırsa, burada artıq ata vicdanı sual altındadır”

Gündəm / Sosial
Bu gün, 17:01 23

Amanova Kəmalə Balaş qızının Facebook səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində bildiririr ki, 26.02.2026-cı il tarixdə Baş Prokuror Kamran Əliyevin qəbulunda olmuş və rəsmi müraciət təqdim etmişdir. Vətəndaş Prokurorun qərarı ilə Ailəsinin taleyi təhlükə altında olduğunu bildirir və redaksiyamızdan Baş Prokurora təqdim etdiyi müraciətin Prezidentin və ictimaiyyətin diqqətinə çatdırılmasını xahiş edir. Müraciəti olduğu kimi dərc edirik.
Hörmətli cənab Baş Prokuror!  
12.02.2026-cı il tarixdə Suraxanı Rayon Prokurorluğunda vətəndaş qəbulu ilə bağlı keçirəcəyiniz qəbulda oldum. Bildirdilər ki, Baş Prokuror Türkiyə Respublikasında işgüzar səfərdədir, vətəndaşları müavinləriniz qəbul edir. Bu müraciətim sıravi prokurorlara yox, prokuror səlahiyyəti ilə qərar verən bir ataya -Kamran Əliyevə olduğu üçün susdum. Mənim müraciətim şəxsən Sizədir.
Bir daha qeyd edirəm bu müraciətim Sizə vəzifənizlə bağlı deyil. Bildiyim qədər atasınız. Ona görə də bu müraciətimi ata olan bir insana - Kamran Əliyevə ünvanlayıram.
Bundan öncəki illər ərzində Sizə  etdiyim saysız-hesabsız müraciətlərimiz  hüquqi müstəvidə nəticə verməmişdir.  Baxmayaraq ki, qanunlara güvənmişik,  izahlar vermişik, qərarlar göstərilmiş, lakin ailəmizin taleyində heçnə dəyişməmişdir. Nədən bu qədər bizim ailəyə qarşı qərəzli, qisasçılıq hissi ilə yaşayırsınız!? Maraqlıdır görəsən bütün insanlaramı bu cür yanaşırsınız? Axı bu hərəkətlər Prezident tərəfindən Sizə verilən tövsiyyələrlə, tapşırıqlarla üst-üstə düşmür. Sizə olunan etimadla, etibarla, qanunla Sizə verilən səlahiyyətlərlə bir araya sığmayır.
Xatırlayırsınızsa, yaxın keçmişdə ailəmizin başçısı Böyükağa Abdullayev Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilmişdir.
Həmin dövrdə bu quruma rəhbərlik edən şəxs Siz olmusunuz.
Sizin rəhbərlik etdiyiniz həmin işlə  bağlı, yaşayış evimiz əlimizdən qanunsuz alındı, bağ evimiz yandırıldı, məhv edildi, bütün bunların azmış kimi övladımız da azadlıqdan məhrum edildi, hal-hazırda cəza çəkir. Bir sözlə ailəmizə və əmlakımıza qarşı törədilən bütün bu haqsızlıqlar birbaşa Sizinlə bağlıdır.
Keçək Sizinlə bağlı övladımıza qarşı olan növbəti haqsızlığa:  Məhkəmə, məhkum oğlumun rejim dəyişməsi ilə bağlı müraciətini təmin etmişdir. Dəfələrlə qəbulunuzda olmuşam. Pulumuzun olmadığını bildirmişəm, qisasçılığa, qərəzçiliyə son qoyulmasını xahiş və tələb etmişəm. Bütün bunlara baxmayaraq, Prokurora protest verdirdiniz və həmin qərarın icrasına imkan vermədiniz.
Bütün bu faktların “hüquqi” tərəfi Sizə məlumdur. Mən başqa bir tərəfini diqqətinizə çatdırmaq istəyirəm.
Hörmətli cənab Baş Prokuror!
Sualım hüquqi deyil. Bu sual bir ana sualıdır…
Əgər bu proseslər Sizin ailənizin başına gətirilsəydi, övladınızla bağlı olsaydı, əgər hər dəfə məhkəmə qərarına baxmayaraq “qanun” adı ilə övladınızın  ümidinin üstündən xətt çəkilsəydi, əgər ailənizin taleyi ardıcıl şəkildə ağırlaşdırılsaydı – Siz bunu necə qəbul edərdiniz? Susardınızmı?...
Sizə bu müraciətimi əsla, hansısa qanun pozuntusunu subut etmək üçün yazmıram.
Bu müraciətimi Sizə ata vicdanını oyatmaq və ata  məsuliyyətini xatırlatmaq üçün yazmışam.
Hörmətli cənab Baş Prokuror!
Bəzi qərarların hüquqi izahı olsa da, onların vicdanı izahı olmur.
Mənim bu müraciətimi bir ata kimi oxuyacağınıza, bir ata olaraq düşünəcəyinizə və bir ata olaraq qərar verəcəyinizə   ümid edirəm.
Çünki vəzifələr dəyişir, imzalar unudulur, amma atanın qısasını övladdan almaq, ataya görə övlada qarşı  edilən pisliklərin, haqsızlıqların  yükü ömür boyu qalır, qəlbləri sızıldadır.
Bildirirəm ki, bundan sonra da ailəmizə qarşı nə qədər qərəzçilik, qisasçılıq hissi nümayiş etdirsəniz də, nə qədər haqsızlıq, ədalətsizlik etsəniz də  Sizə minnətdarlığımızı  əsirgəməyəcəyik.
Ancaq bilin ki, Sizə olan bu minnətdarlıq və bu təşəkkür ana fəryadının son həddidir…
Hörmətlə,
Abdullayeva Kəmalə Balaş qızı