Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

Gündəm / Sosial
Bu gün, 12:09 20
Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

Bir neçə gün öncə mediada Gəncə şəhəri ilə ətraf qəsəbələrin bir çox küçə və prospektlərində yolların yararsız vəziyyətə düşməsi barədə xəbər yayıldı. Xəbərdə qeyd edilir ki, 2025-ci ildə Gəncədə Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları öncəsi şəhərdaxili avtomobil yolları təmir edilsə də, artıq həmin yollarda problemlər yaranıb. Şəhərin Natavan, Məhsəti, Cavadxan qəsəbələrini, Nəriman Nərimanov, Nizami Gəncəvi prospektlərini, Niyazi Əhmədov, Üzeyir Hacıbəyov, Şahlar Hüseynov və başqa küçələri xüsusi qeyd etmək olar. O istiqamətdəki küçələrdə yolların bərbad durumu avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, nəqliyyat vasitələrinə texniki, sürücülərə isə maddi ziyan vurur. Yağntılı havalarda isə yollarda vəziyyət daha da ağırlaşır – məlumatlarda qeyd edilir.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi Oyunlarının açılış mərasimi Gəncədə sentyabrın 28-də baş tutub. Gəncə stadionunda keçirilən bağlanış mərasimi isə oktyabrın 8-də keçirilib. Göründüyü kimi Gəncə şəhərində cəmi 10 gün keçirilmiş idman mərisimindən əvvəl yollar təmir olunub. Bununla yanaşı dövlət büdcəsindən hər il Gəncə şəhərində yolların təmirinə milyonlarla manat vəsait ayrılır. Bəs onda Gəncənin yuxarıda qeyd olunan küçələrində və digər qəsəbələrində yolların vəziyyəti bərbad haldadır.

Aktualinfo.net bu mövzuya ötən il toxunmuşdu və bir daha xatırlatmaq istərdik ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində yolların əsaslı təmir işləri satınalınması üzrə “GÖYGÖL TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 969.338,5 manat məbləğində satınalma müqaviləsini 14.11.2024-cü ildə bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində yolların əsaslı təmiri işləri üzrə 2.897.827,35 manat məbləğində satınalma müqaviləsi “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 18.06.2025-ci ildə bağlanılıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərfindən yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 9.847.742,45 manat məbləğində satınalma müqaviləsi “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 22.11.2024-cü ildə bağlanılıb.

Göründüyü kimi Gəncə şəhərində hər il yolların əsaslı təmiri işlərinin satın alınması məqsədi ilə milyonlarla manat dövlət vəsaitləri ayrılsa da şəhərin yollarının bərbad vəziyyətdə olması ilə bağlı hər il yeni -yeni fotolar yayılır.

Bütün bunlarla bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən mediaya bildirilib ki, şəhərin adı çəkilən və daha bir neçə küçəsində avtomobil yollarında yaranmış problemlərdən xəbərdardırlar və ötən illərdə olduğu kimi bu il də mərhələli şəkildə təmir-bərpa işləri aparılacaq.

“Şəhərin bir neçə küçəsinin avtomobil yolu uzun illər öncə çəkilib, asfaltlanıb. Artıq həmin yolların bəzi hissələrində çöküntü, dağıntı və aşınma olub. Həmin yollarda təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq. Ötən il şəhər ərazisində bir neçə küçə və prospektdə asfaltlama işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb. Həmin yollarda da yaranmış problemlərin aradan qaldırılması ilə bağlı icra hakimiyyəti tərəfindən müvafiq müraciət ünvanlanıb”.

Göründüyü kimi Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi ağ yalan danışır. Təbii ki, şəhərin bir neçə küçəsinin avtomobil yolu uzun illər öncə çəkilib, asfaltlanıb. Maraqlıdır uzun illər dedikdə bu rəsmi şəxs neçə il nəzərdə tutub? İyirmi, otuz, yoxsa neçə il?

Digər tərəfdən yalnız satınalmaların portalından əldə etdyimiz məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son 5 ildə yolların əsaslı təmiri işlərinə 50 milyon manatdan çox dəyəri olan rəsmi müqavilələr bağlanılıb. Onda bu pullar hara gedib?

Hələ Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də şəhər ərazisində bir neçə küçə və prospektdə asfaltlama işləri aparılıb. AAYDA-nın da Gəncə şəhərinin müxtəlif ərazilərini əhatə edən küçə və prospektin yenidən asfaltlandığını da nəzərə alsaq buraya milyonların ayrıldlğını təxmin etmək olar. Belə olan halda Gəncənin yolları niyə bərbaddır. Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi bu açıqlama ilə kimin gözünə kül üfürür?

Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son 5 ildə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına milyonlarla manat dövlət vəsait xərcləyib. Təqdim olunan fotolardan da göründüyü kimi, yollar bərbad vəziyyətidədir. Sual yaranır. Gəncə şəhərində yolların əsaslı təmir işlərinə büdcədən ayrılan milyonlar hara gedir?

Qeyd edək ki, Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinə 2018-ci ildən başçılıq edir. Avqust ayına onun başçı kimi fəaliyyətinin 8 ili tamam olacaq. Satınalmaların portalında açıqlanmış rəsmi məlumatlara görə son 8 ildə Gəncə şəhərində yolların əsaslı təmir işlərinə milyonlarla manat vəsait ayrılıb. Bu 8 ildə ayrılan vəsaitlərin hamısı Gəncədə yolların əsaslı təmirinə sərf edilsəydi belə bərbad bir vəziyyət də olmazdı. Görsənən odur ki, büdcədən ayrılan milyonlar Gəncədə yolların təmirinə yox, başqa yerlərə sərf edilib.

Aktualinfo.net