Adı kimi ucalan ömür, Şəhid Rüstəmov İlham Rəsul oğlunun ölməz xatirəsi
Gündəm / Sosial
Bu gün, 15:32
33

Torpaqlarının azadlığı uğrunda canından keçən hər bir Şəhid, xalqımızın yaddaşına silinməz iz salan müqəddəs bir tarixdir. Məhz bu tarixdə öz şərəfli yeri olan igidlərimizdən biri də, gözəl güşələrimizdən Tovuz rayonunun Yanıxlı kəndində dünyaya göz açmış Şəhid Rüstəmov İlham Rəsul oğludur. Onun həyatı qısa, lakin mənası sonsuz dərəcədə böyük, örnək və qürurverici olmuşdur.1975-ci ilin 26 iyun tarixində çox zəhmətkeş bir ailədə doğulan İlham, həyatın çətinliklərini uşaqlıqdan dadmışdı. Sadə həyat tərzi, ailə dəyərlərinə bağlılıq və zəhmətkeşlik onun xarakterinin formalaşmasında olduqca mühüm rol oynamışdı. Valideynləri ona “İlham” adını verərkən, bu adın bir gün bütöv bir xalq üçün ilham mənbəyinə çevriləcəyini düşünürdülər. Sanki Şəhid İlham Rüstəmovun adı onun taleyinə əvvəlcədən yazılmış bir mənəvi işarə idi. “İlham” sözü Azərbaycan dilində dərin və müqəddəs məna daşıyır,o, İlahi bir duyğunu, ruhun yüksəlişini, insanın daxilində doğan pak niyyəti və uca məqsədlərə doğru yönələn mənəvi gücü ifadə edir. İlham həm də insanı doğru yola səsləyən,ona güc verən,onu böyük amallar uğrunda mübarizəyə ruhlandıran bir anlayışdır.İlhamın valideynləri bu adı sadəcə gözəl səsləndiyi üçün seçmişdilər.Lakin zaman göstərdi ki, bu ad təsadüfi deyildir. İlham Rüstəmov doğrudan da bir “ilham” kimi gəldi bu dünyaya, Vətən sevgisinin, fədakarlığın və qəhrəmanlığın canlı nümunəsinə çevrildi. O, öz həyatı ilə sübut etdi ki, adı kimi ruhu da saf, məqsədi də uca idi.Lakin taleyin yazısı başqa imiş, o, doğrudan da adı kimi ucalan, ruhu ilə insanlara güc verən bir övlad oldu.İlham uşaqlıq və gənclik illərini doğma kəndində keçirdi, elə oradan da böyüyərək, həyatın sınaqlarına alışmışdı. Orta məktəbdə oxuduğu dövrdə çalışqanlığı, ədəb-ərkanı və savadı ilə seçilmiş, müəllimlərinin hörmətini qazanmışdı. O, yalnız dərslərində deyil,həmdə insanlarla münasibətində səmimi, mərhəmətli və vətənpərvər bir gənc idi. Hələ o illərdə onun daxilində Vətənə sonsuz sevgi və bağlılıq hissi formalaşmışdı. Azərbaycanımız müharibə şəraitində olduğu bir dövrdə böyüyən İlham Rüstəmov üçün seçim aydın idi, o, öz həyatını Vətənə xidmətə həsr etməyi qərara aldı.1994- cü il sentyabr ayının 12-də həqiqi hərbi xidmətə çağırılan İlham, qısa müddət ərzində intizamı, cəsarəti və döyüş ruhu ilə seçilməyə başladı. Qarabağın müxtəlif istiqamətlərində gedən döyüşlərdə iştirak edən bu gənc əsgər, hər addımında Vətən torpağını qorumağın müqəddəsliyini dərk edirdi. Onun üçün mübarizə sadəcə bir borc deyildi, mən deyərdim ki, bu, bir amal, bir həyat məqsədi idi. Döyüş yoldaşları onu qorxmazlığına görə seçir, çətin anlarda onun varlığından güc alırdılar.İlham heç zaman geri çəkilməyi düşünmədi, çünki onun üçün Vətən hər şeydən üstün idi. 1996-cı ilin 26 dekabr tarixində Füzuli rayonunun Yuxarı Alxanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə İlham Rüstəmov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. O, son nəfəsinə qədər mübarizə apararaq, öz canını Vətən torpağına qurban verdi. Bu, bir son deyil, əksinə, əbədiyyətə açılan şərəfli bir yolun başlanğıcı idi. Onun adı artıq sadəcə bir insanın adı deyil, qəhrəmanlığın, sədaqətin və fədakarlığın rəmzinə çevrildi. Lakin bu qəhrəmanlıq ailəsi üçün ağır bir dərd, sağalmaz bir yara oldu. Oğul itkisinə dözə bilməyən atası 1997-ci il yanvarın 14-də dünyasını dəyişdi.Bu acının ardınca isə fevralın 22-də anası da övlad həsrətinə tab gətirməyərək haqq dünyasına qovuşdu. Beləliklələ, bu ailənin faciəsi bir ömürlük ağrıya çevrildi. Amma bu ağrının içində böyük bir qürur da var idi, onların övladı Vətən uğrunda canını fəda etmişdi və bu, ən uca zirvə idi.Qürur hissi ilə qeyd edim ki,bu gün Azərbaycan dövləti və xalqı şəhidlərimizin xatirəsini daim uca tutur. Onların qəhrəmanlığı unudulmur, əksinə, hər keçən gün daha böyük ehtiramla yad edilir. Dövlət səviyyəsində Şəhid ailələrinə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq, onların xatirəsi daim əziz tutulacaqdır. Bu siyasətin nəticəsi olaraq Şəhid ailələrinə sosial dəstək, mənzil təminatı, maddi yardım və digər qayğı proqramları həyata keçirilir. Dövlət yalnız sözlə deyil, əməli addımlarla da şəhid ailələrinin yanında olduğunu göstərir. Xalqımız da öz növbəsində şəhidlərimizi böyük sevgi və ehtiramla yad edir, onların ailələrinə mənəvi dayaq olur. Hər bir şəhid adı Azərbaycan xalqının qəlbində müqəddəs bir yer tutur. Şəhid İlham Rüstəmovun həyatı və qəhrəmanlığı bu gün gənc nəsil üçün bir məktəbdir. Onun ömür yolu göstərir ki, Vətən sevgisi insanı ən uca zirvələrə yüksəldə bilər. O, adı kimi ilham verən, ruhu ilə yaşadan və heç zaman unudulmayan bir qəhrəmandır. Bu gün onun xatirəsi yalnız ailəsinin deyil, qədirbilən xalqının qəlbində yaşayır. Onun uğrunda can verdiyi torpaqlar azaddır, onun arzuları gerçəkləşir. Bu isə hər bir azərbaycanlı üçün həm qürur, həm də məsuliyyətdir. Şəhidlər ölmür, onlar xalqın yaddaşında, tarixində və gələcəyində yaşayırlar.Ruhun şad olsun, baş tacımız İlham Rüstəmov! Nəhayət, təşəkkür və ehtiram bildirməyi özümə borc bildiyim nüans, Şəhid qardaşımızın bacısı, vətənpərvər ana Ziyafət xanımdır. Bu məqalənin ərsəyə gəlməsində böyük mənəvi dəstək göstərən, şəhid qardaşımız İlham Rüstəmovun xatirəsinin yaşadılmasına xüsusi həssaslıqla yanaşan, vətənpərvər bacımız Ziyafət xanıma öz dərin təşəkkürümüzü bildiririk. Siz yalnız bir şəhid bacısı deyilsiniz. Siz, başı daim uca tutulmalı, qürur və ləyaqətimizsiz! Ziyafət bacım, bu həyatın ən ağır sınaqlarından keçməyinizə baxmayaraq, qardaşınızın müqəddəs xatirəsini böyük sədaqət və mənəvi güclə yaşatmağınız hər kəs üçün nümunədir! Sizin duruşunuz, səbriniz və Vətənə olan bağınız, Vətənpərvərliyiniz bir daha sübut edir ki, belə ailələr bu torpağın ən böyük dayağıdır. Şəhid İlham Rüstəmovun əziz xatirəsinin yaşadılması yolunda göstərdiyiniz fədakarlıq, çəkdiyiniz mənəvi yük və göstərdiyiniz mərdliyi, sözlə ifadə etmək mənim üçün çox dəyərlidir. Bu, yalnız bir ailə sevgisi deyil, Vətənə olan sonsuz sədaqətin ən uca təcəssümüdür ! Qarşınızda ehtiramla baş əyir, bu müqəddəs yolda göstərdiyiniz köməyə, verdiyiniz mənəvi dəstəyə və ən əsası, halallığınıza görə ürəkdən təşəkkür edirəm Sizə.Allah Sizdən razı olsun, Sizə səbir, qüvvət versin, qardaşınızın ruhu daim şad olsun! Sonda isə, vurğulayıram ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəhidlərimiz haqqında dediyi fikirlər bu müqəddəs həqiqəti bir daha təsdiqləyir: “Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların qanı yerdə qalmayıb və heç vaxt qalmayacaq, Azərbaycan xalqı onların xatirəsini əbədi yaşadacaqdır.”
Məmmədov Vüqar
YAP Saatlı rayonu, 15 s. Ə PT sədri, UNEC-n məzunu