Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Gündəm / Sosial
Bu gün, 11:13
13
Naxçıvanda pasiyentlər üçün ayrılan pulsuz ərzağın xəstəxanadakı restoranlara yönəldildiyi bildirilir. Sakinlər bu restoranların yüksək vəzifəli məmurlara aid olduğunu deyirlər.
Xəstələrin sözlərinə görə, kəsilən ərzağın əvəzində isə onlars ucuz və keyfiyyətsiz ərzaqdan yeyilməsi mümkün olmayan yeməklər hazırlanır.
Restorandan baha yemək almağa imkanı çatmayan imkansız xəstələr isə ac qaldıqlarını bildirirlər.
Çünki, restoranda yeməyə məcbur olsunlar deyə, xəstəxana evdən gətirilən yeməkləri də qəbul etmir.
“Gündəlik Naxçıvan”a danışan şikayətçilərin sözlərinə görə, bu hal daha çox Muxtar Respublika Xəstəxanasında baş verir.
Onların sözlərinə görə, bu restoranlarda gündəlik yemək xərci 30–50 manata çatır. Şikayətçilər həmin restoranların yüksək vəzifəli şəxslərə məxsus olduğunu da deyirlər.
Xəstəxanada altı gün müalicə almış Nazir Məmmədov pulsuz yeməkləri yeyə bilmədiyini, restorandan almağa isə imkanının çatmadığını bildirir:
“Bu xəstəxanada altı gün yatdım. Evdən yemək gətirməyə icazə vermirdilər. Guya pəhriz yeməkləri yeməliyəm, ona görə. Sığorta ilə müalicə alırdım. Yeməkləri itə tökəsən, yeməz. O qədər bərbad idi.
Səhər mannı verirdilər, iyindən baş çatlayırdı. Şorbalarının da nə olduğu bəlli deyildi. Palçığa bənzər qırmızı rəngdə idi. Ancaq restoranda nə istəsən tapmaq mümkündür.
Xəstələrə veriləcək pulsuz ərzaqları oraya yönəldib, yemək hazırladıb od qiymətinə satırlar. Evdən yemək gətirməyə də ona görə icazə vermirlər ki, onlardan baha qiymətə almağa məcbur olaq”.
Digər pasiyent Elnur Şükürov da yeməklərin keyfiyyətindən şikayətlənir. O deyir ki, evdən gətirilən yeməklərin içəri buraxılmaması vəziyyəti daha da çətinləşdirib:
“Yeməklər bərbaddır, nə verdikləri bəlli deyil. Çörək daş kimidir. Divara vursan, divarı qopardar, amma qırılmaz. Yemək olmur. Bir həftə xəstəxanada yatdım. Görüş saatlarında evdən yemək gətirirdilər, buraxmırdılar. Bəzən birtəhər gizlincə keçirib onları yeyirdim”.
Pasiyentlər pulsuz yeməklərin keyfiyyətindən narazılıqlarını şəxsi təcrübələri ilə izah edirlər.
Ərzağın restoranlara yönəldilməsi və həmin obyektlərin vəzifəli şəxslərə məxsus olması barədə iddialar isə müstəqil şəkildə təsdiqlənməyib.
