İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
Gündəm / Aktual
Bu gün, 17:08
14
Paytaxtın ən qədim və tarixi məkanlarından biri olan İçərişəhər ərazisində yerləşən yeraltı keçidlərin vəziyyəti ciddi narahatlıq doğurur. İddialara görə, bu keçidlər artıq öz əsas funksiyasını itirərək qeyri-rəsmi ticarət obyektlərinə çevrilib.
Məlumatlara əsasən, 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin rəhbəri Məhəmməd Musayev tərəfindən idarə olunan bəzi yeraltı keçidlərdə qanunvericiliyə zidd dəyişikliklər edilib. Belə ki, keçidlər daraldılıb, piyadaların hərəkəti üçün nəzərdə tutulan sahələr süni şəkildə məhdudlaşdırılıb.
Ən diqqət çəkən məqamlardan biri isə odur ki, keçid daxilində xidmət personalı – fəhlə və xadimələr üçün nəzərdə tutulmuş otaqların təyinatı dəyişdirilib. İddialara görə, həmin sahələrdən biri kitab mağazasına çevrilib və nəticədə işçilərin elementar istirahət və oturma şəraiti belə aradan qaldırılıb.
Bundan əlavə, keçidlərin bəzi hissələrinin “küçə ticarəti” üçün istifadə edildiyi, qeyri-rəsmi ödəniş mexanizmlərinin (“qara kassa”) mövcudluğu ilə bağlı iddialar da səsləndirilir. Bu isə həm dövlət büdcəsinə zərər, həm də ictimai nəzarətin zəifləməsi baxımından ciddi suallar doğurur.
Məsələdə adı hallanan digər şəxslər arasında Saleh Məmmədov, eləcə də Nazir Nehmetov və Sənan Quliyev kimi şəxslərin də olduğu iddia edilir.
Azərbaycan qanunvericiliyinə görə:
Yeraltı keçidlər ictimai istifadə üçündür və onların funksiyası dəyişdirilə bilməz;
Piyadaların təhlükəsiz hərəkəti məhdudlaşdırıla bilməz;
Dövlət əmlakının qeyri-qanuni kommersiya məqsədilə istifadəsi məsuliyyət yaradır.
Tarixi irsimiz olan İçərişəhərdə bu cür halların baş verməsi yalnız şəhərsalma baxımından deyil, həm də milli-mədəni dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirilir.
Aidiyyəti qurumlar – xüsusilə şəhər icra hakimiyyəti və nəzarət orqanları bu məsələni dərhal araşdırmalı, qanun pozuntularına hüquqi qiymət verilməlidir.
Bntv.az





