İcra başçısının general oğlu 50 min manatlıq mebel alır

Gündəm / Aktual
Bu gün, 10:03 15

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ehtimal olunan qiyməti 49.992,67 AZN təşkil edən müxtəlif təyinatlı mebellərin satınalması həyata keçirilir.

Satınalma çərçivəsində erqonomik dizayna və 120–130 kq yükdaşıma qabiliyyətinə malik 40 ədəd müsafir kürsüsü, ümumi ölçüləri 1430×620×2520 mm olan 1 ədəd sütun üzləmə, tənzimlənən hündürlüklü və 360 dərəcə fırlanma funksiyalı 3 ədəd işçi kreslosu, habelə geniş saxlama imkanlı 5920×530×3160 mm ölçülü 1 ədəd böyük dolab sifariş edilir. Siyahıya həmçinin multimedia avadanlıqları üçün 1 ədəd TV stend, daxili asılqan sistemli 5 ədəd paltar dolabı, ofis texnikası üçün 1 ədəd printer altı, 2400×1200×750 mm ölçülərində 1 ədəd toplantı masası və müxtəlif ölçülü saxlanma dolabları, o cümlədən 2 ədəd kupe tipli dolab daxildir. Bundan əlavə, dəst daxilində 40 ədəd stulla təchiz edilmiş, hər biri 4 siyirməli olan 40 ədəd masanın tədarükü nəzərdə tutulur. Bütün məhsullar yüksək keyfiyyətli, aşınmaya və korroziyaya davamlı materiallardan hazırlanmalı, dövlət standartlarına cavab verməli və rəng seçimi sifarişçi ilə razılaşdırılmalıdır.

Qeyd edək ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Vaqif Tofiq oğlu İbrahimovdur. Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran, 2012-2024-cü illərdə Ağdaş rayonlarında icra başçısı kimi çalışıb.(Xalq.online)