Deputatın şirkəti vətəndaşları çıxılmaz duruma salıb... - "Bizə dəqiq tarix deyilsin..."
Gündəm
Bu gün, 15:16
15
"Mən "Kristal"ın “Yeni Sumqayıt” layihəsindən ev almışam. Alanda bizə deyilən tarix çox konkret idi — 2025-ci ilin dekabrı. O tarixə güvənərək plan qurduq, həyatımızı ona görə təşkil etdik..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində "Kristal"ın Valeh Paşayev adlı müştərisi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Amma indi aprel ayıdır… və hələ də evimiz yoxdur.
Bu müddətdə nə baş verir?
Kirayədə qalmağa davam edirik
Üstünə aylıq 752 AZN ipoteka ödəyirəm
Yəni faktiki olaraq evi olmayan bir insan kimi iki ev xərci çəkirəm
Ən çətini isə qeyri-müəyyənlikdir. “Nə vaxt təhvil veriləcək?” sualına konkret cavab yoxdur. Ay yoxdur. Gün yoxdur. Sadəcə gözləyin.
Digər tərəfdən isə ipoteka ilə bağlı gecikmə olsa, dərhal xəbərdarlıq edilir ki, evi itirə bilərik. Yəni alıcı tərəf geciksə — nəticə var. Amma şirkət gecikəndə — konkret heç nə yoxdur.
Məncə bu artıq təkcə mənim problemim deyil. Mənim kimi evi məndən əvvəl alıb hələ də gözləyən çox insan var. Bəzilərinə hətta 2025-də təhvil veriləcəyi deyilib.
Mənim istəyim çox sadədir:
Bizə dəqiq tarix deyilsin (gün, ay)
Əgər bu mümkün deyilsə, bu gecikmənin maddi yükü də nəzərə alınsın
Çünki bu vəziyyətdə bütün risk və yük yalnız alıcının üzərində qalır.
Ümid edirəm ki, "Kristal" bu məsələyə daha açıq və konkret yanaşacaq. Sadəcə söz yox, real cavab görmək istəyirik..."
Dia-az
