KTN-də biabırçı “islahatlar” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən vəzifəyə gətirilir
Gündəm / Sosial
Bu gün, 17:54
11
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Azəraqrar Dövlət İstehsalat və Emal Birliyində rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında müzakirələr səngimir.
Biziməsr.com-un əldə etdiyi məlumata görə, hazırda quruma rəhbərlik edən Hikmət Hüseynovun dövründə geniş kadr dəyişikliklərinə hazırlıq gedir. İddialara əsasən, yaxın günlərdə başlanacağı gözlənilən bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə, əsasən yeyinti faktları ilə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifələrə qaytarılması nəzərdən keçirilir.
Məlumatda bildirilir ki, vəzifəyə gətiriləcəyi iddia olunan şəxslər arasında əvvəllər korrupsiya faktları ilə bağlı cinayət işi açıldığı və bu səbəbdən vəzifəsindən uzaqlaşdırıldığı deyilən keçmiş direktor Çərkəz Şirinov, eləcə də dövlətə məxsus buğda məhsullarının mənimsənilməsi iddiası ilə işdən çıxarıldığı qeyd olunan Mirağa Kazımovun adı keçir.
İddialara görə, Çərkəz Şirinovun “Azəraqrar”ın Şərqi Zəngəzur Regional İdarəsində, Mirağa Kazımovun isə Mərkəzi Aran Regional İdarəsində rəhbər vəzifələrdən birinə təyin olunması gözlənilir.
Mənbə iddia edir ki, bu proseslərə qurum rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən direktor müavinləri Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanov tərəfindən rəhbərlik olunur.
Bundan əvvəl yerli mediada yayılan məlumatlarda Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanovun Hikmət Hüseynov üzərində təsir imkanlarına malik olduqları iddia edilirdi. Həmin iddialarda onların müxtəlif əlaqələr vasitəsilə rəhbərliyə təsir göstərdikləri də qeyd olunurdu. Adıçəkilən şəxslərlə bağlı mümkün kadr təyinatları üzrə ilkin danışıqların əsasən Həsən Abdullayev tərəfindən aparıldığı bildirilir.
Məlumata görə, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazirin hərbi xidmətdə komandiri olması səbəbilə Məcnun Məmmədova yaxın olduqlarını tez-tez Hikmət Hüseynova xatırladaraq onu təsirləri altında saxladıqları iddia olunur.
Qeyd olunan bütün məlumatlar iddia xarakterlidir və rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Biziməsr.com
