Metro nəzarətsiz və baxımsız qalıb - Problem bu hallardan yaranıb? - FOTOLAR

Gündəm / Sosial
Bu gün, 14:47 16

Bakı metrosunda son vaxtlar tez-tez baş verən texniki nasazlıqların səbəbi ilə bağlı maraqlı diqqətçəkən faktlar açıqlanıb. Bizimesr.com bildirir ki, tanınmış memar Elçin Əliyev metropoliten stansiyalarındakı mövcud vəziyyətin ciddi problemlərdən xəbər verdiyini bildirib.

Memar sosial şəbəkə hesabında paylaşdığı məlumatda xüsusilə Həzi Aslanov metro stansiyası stansiyasının platforma hissəsindəki vəziyyəti tənqid edib. Onun sözlərinə görə, perron boyunca divarlarda su sızmalarının açıq izləri müşahidə olunur və bu, problemin yeni olmadığını göstərir.

Memar qeyd edib ki, mərmər üzlüklərin çürüməsi suyun uzun müddətdir və sistemli şəkildə daxil olduğunu sübut edir. Onun fikrincə, məhz bu amil metropolitendə vaxtaşırı kabellərdə qısaqapanmaların baş verməsinə və qatarların hərəkətinin iflic olmasına səbəb olur.

Elçin Əliyev vurğulayıb ki, bir neçə gün əvvəl yağışlı hava şəraitində baş verən hadisə də gözlənilən idi və köklü problemin nəticəsidir. Memar həmçinin məsuliyyət məsələsini gündəmə gətirərək, hidroizolyasiya işlərini keyfiyyətsiz həyata keçirən şəxslərin cavab verməli olduğunu bildirib. O sual edib ki, bu cür nöqsanlara yol verənlər məsuliyyətə cəlb olunacaq, yoxsa baş verənlər yenə “fövqəladə təbii hadisə” kimi təqdim ediləcək.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.com