Ömrünü təhsilə həsr etmiş müəllim – Şagirdlərinin qəlbində yaşayan insan
Gündəm / Sosial
Bu gün, 15:30
97

25 aprel 2026-cı il tarixdə Quba rayonu İsnovqışlaq kənd Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına tam orta məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən, məktəb idarəçiliyində yüksək peşəkarlıq nümayiş etdirən və riyaziyyat elminin tədrisinə mühüm töhfələr verən Kərimov Səlim Əlirza oğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
Yubiley tədbirində çıxış edən həmkarları, məzunlar və ictimaiyyət nümayəndələri Səlim müəllimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun elmə, təhsilə və insan kapitalının inkişafına verdiyi töhfələri xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Səlim Kərimovun zəngin həyat yolu və pedaqoji irsi gənc müəllimlər üçün örnək məktəbidir.
75 illik yubiley münasibətilə Səlim müəllimə möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulanmışdır.

Səlim Kərimovun şagirdi olmuş, tarix üzrə fəlsəfə doktoru Əfşan Nərimanlı:
“İnsan həyatında elə şəxsiyyətlər olur ki, onların adı sadəcə bir insanı deyil, bütöv bir dövrü, bir məktəbi, bir tərbiyə məktəbini ifadə edir. Belə insanlar illər keçsə də unudulmur, çünki onlar yalnız dərs demir, insan yetişdirir, xarakter formalaşdırır, gələcəyə yol göstərirlər. Mənim müəllimim və uzun illər məktəb direktoru olmuş çox dəyərli Səlim müəllim də məhz belə şəxsiyyətlərdəndir.
O, ömrünün ən gözəl və məhsuldar illərini təhsilə həsr edib. Riyaziyyat müəllimi kimi yüzlərlə şagirdə elmin sirrlərini öyrədib. Məktəb direktoru kimi isə bir təhsil ocağını idarə etməklə yanaşı, əsl müəllim nümunəsi yaradıb. Səlim Kərimovun rəhbərlik etdiyi Quba rayonu Sərvər və Şəmsəddin Şəmsəddin Şəmiyəv qardaşları adın tam orta məktəbində yalnız dərs keçilmirdi — burada vətənə sevgi, böyüyə hörmət, zəhmətə bağlılıq və vicdanlı olmaq öyrədilirdi. Buna görə məktəbin hər bir şagirdi bu təhsil ocağına hər səhər böyük sevgi ilə gəlməyə tələsirdi.
Riyaziyyat isə çoxlarına çətin görünən bir elm sahəsidir. Amma Səlim müəllimin dərslərində rəqəmlər və düsturlar sanki həyatın özü ilə danışırdı. O, bizə sadəcə hesab aparmağı deyil, düşünməyi, məntiqli qərar verməyi, çətinlik qarşısında ruhdan düşməməyi öyrədirdi. Hər bir şagirdinə fərdi yanaşar, onların gələcəyinə böyük ümid və inamla baxardı.
Bu gün onun yetişdirdiyi şagirdlər ölkənin müxtəlif sahələrində — dövlət qurumlarında, elm və təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında, səhiyyədə, sahibkarlıqda və digər mühüm vəzifələrdə çalışırlar. Hər biri müəllimindən aldığı tərbiyəni və həyat dərsini öz fəaliyyəti ilə doğruldur. Çünki əsl müəllimin izi yalnız məktəb divarlarında deyil, yetişdirdiyi insanların həyatında qalır.
Direktor kimi fəaliyyəti dövründə məktəbdə nizam-intizam, yüksək təhsil mühiti və sağlam müəllim-şagird münasibəti formalaşdırmışdır. O, kollektivə rəhbərlik etməyi yalnız vəzifə deyil, mənəvi məsuliyyət hesab edirdi. Hər bir müəllimin qayğısı ilə maraqlanar, şagirdlərin uğurunu öz uğuru sayardı.
İllər ötür, zaman dəyişir, amma bəzi insanların xatirəsi zamanın fövqündə qalır. Çünki onların gördüyü işlər cəmiyyətə xidmətin ən ali nümunəsinə çevrilir. Mən də onun şagirdi olaraq fəxr edirəm ki, həyat yolumun formalaşmasında belə bir müəllimin zəhməti və təsiri olub.
Bu gün biz onun haqqında danışarkən təkcə bir müəllimi deyil, bütöv bir məktəbi, bir mənəviyyat dünyasını xatırlayırıq. Səlim Kərimov ömrünü xalqın gələcəyinə sərf edən, şagirdlərinin uğurunda öz xoşbəxtliyini tapan nadir ziyalılardandır.
Belə müəllimlər cəmiyyətin səssiz qəhrəmanlarıdır. Onların adı yalnız sənədlərdə deyil, yüzlərlə insanın qəlbində yaşayır. Səlim müəllim də məhz belə qəhrəmanlardandır!
Biz əzizvəhörmətli Səlim Kərimovu75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq”