Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO

Gündəm / Sosial
Bu gün, 18:29 11

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində sakinlər acınacaqlı vəziyyətlə üzləşiblər.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Albalılıq bağları massivi, Rauf Hacıyev küçəsi, 7-ci döngədən gedir.

Sakinlərin sözlərinə görə, uzun müddətdir davam edən kanalizasiya problemi səbəbindən küçələr çömçəquyruqların və digər su canlılarının məskəninə çevrilib.

Onlar bildiriblər ki, məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Vəziyyət o qədər ağırlaşıb ki, bəzi ailələr evlərini su basdığı üçün ərazini tərk etmək məcburiyyətində qalıblar. Köçə bilməyən sakinlər isə hər gün antisanitar şəraitdə hərəkət etməli olurlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, mərkəzləşdirilmiş tullantı su şəbəkəsi olmayan ərazilərlə bağlı müvafiq layihə sənədləri artıq hazırlanıb.

Qurumdan qeyd olunub ki, şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Həmçinin vurğulanıb ki, fevral ayından etibarən su və kanalizasiya sisteminə qoşulmaq üçün yeni qaydalar qüvvəyə minib.

Bu sistemə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN xidmət" və ya "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.