Milyonluq TENDER: Ekoloji risk yaranır? - FOTO
Gündəm
Bu gün, 11:07
10
Paytaxtda kommunal təyinatlı məhsulların alınması üçün iri həcmli satınalma həyata keçirilir. Söhbət, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi milyonluq tenderdən gedir.
Alınacaq məhsullar arasında 7 min kiloqram zibil torbası da yer alır. Bu isə, təkcə ayrılan vəsaitin həcmi deyil, həm də həmin məhsulların istifadəsindən sonra yaranacaq tullantıların taleyi ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı Ajans.az-a ekoloq Rövşən Abbasov bildirib ki, ümumilikdə 7 min kiloqram zibil torbasının alınması şəhər mühiti üçün qeyri-adi hal deyil və bu, tullantıların idarə olunması prosesinin bir hissəsidir.
“Əgər həmin torbalar və onların içində toplanan tullantılar effektiv şəkildə çeşidlənərək təkrar emala yönləndiriləcəksə, bu çox yaxşıdır. Yox, əgər yönləndirilməsə və sadəcə poliqonlara göndərilərsə, bu zaman tullantıların ətraf mühitə yayılma riski yaranır”
O əlavə edib ki, Azərbaycanda tullantıların idarə olunması istiqamətində son illər müəyyən irəliləyişlər olsa da, xüsusilə bəzi regionlarda infrastruktur hələ də zəifdir və problemlər qalmaqdadır.
Onun sözlərinə görə, bu sahədə yerli bələdiyyələrin prosesə daha aktiv cəlb olunması tullantıların toplanması və emalı sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Ekoloq həmçinin bəzi bölgələrdə tullantıların hələ də nəzarətsiz şəkildə atıldığını və basdırıldığını vurğulayıb.
Ajans.az

