“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Gündəm / Sosial
Bu gün, 12:16
10
Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri etiraza qalxıb. İşçiləri bildirib ki, ştatsız işlədilir, bayram və tətil günlərində işə cəlb edilir, əlavə günlərin əməkhaqları isə ödənilmir.
Bu barədə Tribuna.az-a MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri bildirib. İşçilərin sözlərinə görə, onlar bayram günləri də işə cəlb edilir, ancaq bu günlərin ödənişi edilmir:
“Burada kim nə işlə məşğuldur, kim nəçidir, bəlli deyil. Bir nəfərə 10 adamın işini gördürürlər. Kim hansı ştatdadır, məlum deyil. İşlədirlər, ancaq pulumuzu vermirlər. Bayram günləri və şənbə hamını işə çağırdılar. Ancaq o günlərin pulu hələ də ödənməyib. Mart ayındakı bayram günlərində, Qurban bayramı günlərində də hamımız işə çıxmışıq. Hamımıza bir kağıza da qol çəkdirdilər ki, guya biz öz istəyimizlə bayram günləri işləməyə razıyıq.
Hansısa ştatda çalışırıq, amma əmrimiz verilmir. Hər kəsin guya bir vəzifəsi var. Amma bu vəzifə, ştat rəsmi formada deyil. Bu qədər işçini ştatsız çalışdırıb, haqlarını da ödəmirlər”.
İşçilər bildirib ki, bir ildir ən aşağı maaşla əməkləri istismar edilir:
“Anbarda nəsə əskik olsa, bunu işçinin ayağına yazırlar. Ancaq artıq olanda anbara qalır. Mal əziləndə, sınanda pulunu işçidən çıxırlar. MMC-nin bir anbarından digər anbarına artıq və ya əskik mal gedəndə işçini cərimələyirlər. Halbuki o mal itmir, sadəcə bir anbardan digərinə daşınır”.
Narazı işçilər haqlarının ödənilməsini, ştatların açılmasını və əmrlərinin verilməsini tələb edir. Bəzi işçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyəti dövlət qurumlarına, məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Tribuna.az
