ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? - Faktlar
Gündəm / Sosial
Bu gün, 17:59
9
Azərbaycan Dəmir Yolları may ayından etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının hərəkətini istifadəyə verib.
Açılışın ilk günündən qurum bilet qiymətinin 81 manatdan başladığını bəyan edib.
Lakin sonradan məlum olub ki, ümumiyyətlə, 81 manata bilet almaq mümkün deyil. ADY bunu da onunla əsaslandırıb ki, təlabat çox olduğundan qiymətlər dəyişib.
Qeyd edək ki, hal hazırda Dəmiryolu Vağzalında bilet almaq problemə çevrilib. Uzun növbələr və “bilet yoxdur” çağırışları səbəbindən sərnişinlər bilet əldə edə bilmirlər. Hərçənd ADY yeni vaqonların quraşdırıldığını və əlavə sərnişin daşıyacaqlarını vəd etsə də, yenə də bilet məsələsi problem olaraq qalmaqdadır.
Bildirək ki, faktiki olaraq ADY 124 manatdan ucuz bilet təklif etmir. Bu rəqəm günlərə görə, 250 manata qədər bahalaşa bilir. Yenə, bunu tələb və təklif məsələsi ilə əsaslandırırlar.
Amma Tribuna.az-ın araşdırması zamanı məlum olub ki, ADY-dən fərqli olaraq Tiflisdən Bakıya ucuz qatar bileti satan şirkət mövcuddur. “Rome2rio” adlı şirkət Rome2rio2.com saytı üzərindən Bakı-Tiflis və əksinə bilet qiymətini 19-22 dollar arasında təklif edir. Hətta saytda 13-18 dollara biletlər də mövcuddur.
Lakin iki gün öncə ADY-nin tələbi ilə “Rome2rio” şirkətinə bilet satışını qadağan ediblər. Gürcüstandakı mənbələrimiz bildirib ki, şirkət bunun ADY-nin tələbi nəticəsində baş veridiyini qeyd edib. Belə ki, Azərbaycan Dəmir Yolları şirkətin ucuz bilet təklif etməsini əsas tutaraq, onların bilet satışını veto qoyub. Bunun ardından isə yalnız qurumun rəsmi veb-saytından bilet alına biləcəyini reallaşdırıb. Yəni, hazırda yalnız ADY-nin saytından bilet almaq mümkündür.
ADY-nin belə bir addım atması olduqca qəribədir. Əvvəla ona görə ki, Gürcüstandakı şirkət ucuz bilet təklif edirsə, o zaman ADY niyə Bakıdan bahalı biletlərindən başqa bileti olmadığını iddia edir? İkincisi, əgər bilet ucuzdursa, o zaman Bakıda niyə bahalı bilet satırlar? Ən nəhayət, ucuz bilet satan şirkətə ADY niyə qadağa qoyub?
Tribuna.az
