Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
Gündəm / Sosial
Bu gün, 18:11
8
Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılması və qanunsuz tikinti marafonu ilə bağlı ciddi iddialar səsləndirilib.
Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayının gözçarpacaq dərəcədə artması müşahidə olunur. Xatırladaq ki, rayonda icra başçısı vəzifəsi təxminən iki ilə yaxın müddətdə boş qalıb, daha sonra təyin edilən başçısı isə qısa müddət sonra vəzifəsindən azad edilib. Bu il fevralın 9-da Prezidentin sərəncamı ilə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri və sabiq Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
İctimai-siyasi çevrədə kifayət qədər tanınmış şəxsin bu vəzifəyə gətirilməsi rayonda qanunsuz tikintilərə son qoyulacağına ümidlər yaratsa da, sakinlərin sözlərinə görə, bu gözləntilər doğrultmur.
Tahir Budaqovun rəhbərlik etdiyi rayonda qanunsuz tikinti marafonu ilə yanaşı, kütləvi ağac kəsiminə də göz yumulduğu iddia olunur. Belə ki, Nəsimi rayonu, Moskva prospektində – 20 Yanvar metrosundan Şamaxinka istiqamətinə gedən yolun sağ hissəsində bir gecədə 20-dək ağac kəsilib. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, ağacların məhv edildiyi yerdə yeni obyektin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən tikintinin icazəsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir rəsmi məlumat mövcud deyil. Dövlət Komitəsinin icazəsi olmadan aparılan bu tikinti işlərinin məhz Nəsimi Rayon İcra Hakimiyyətinin "razılığı" əsasında həyata keçirildiyi iddia olunur.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.\\dia.az
