QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur

Gündəm / Sosial
Bu gün, 12:27 10

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsi promo məhsullarının satın alınması üzrə 03.07.2026-cı ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “HELİX GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 17.546,9 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qalib MMC QHT-lərə Dövlət Dəstəyi Agentliyini 50 ədəd dəri bloknot, 30 ədəd poverbank, 50 ədəd fincan, 50 ədəd su qabı, 10 ədəd təbrik açıqlaması, 200 ədəd hesabat jurnalı, 200 ədəd karton çanta, 300 ədəd plastik qələm, 300 ədəd bloknot A5, 300 ədəd loqolu qovluq, 100 ədəd üzərində Agentliyin loqosu olan stolüstü bayraq və digər promo məhsullarla təmin etməlidir.

Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi kotirovka sorğusu müsabiqəsinə 03.07.2026-cı ildə başlayıb. Agentliyin qalib seçdiyi MMC isə kotirovka sorğusu müsabiqəsi elanından 10 gün sonra dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HELİX GROUP” (VÖEN: 1507716981) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.07.2026-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ŞAHİN MUSTAFAYEV, ev.27, m.106-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev Vüsal Vaqif oğludur.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi promo məhsullarının satın alınması bir müqavilə də 03.11.2025-ci ildə “MAGTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu müqavilənin dəyəri 18.975,58 manat təşkil edib.

Şərtlərə görə “MAGTECH” MMC QHT-lərə Dövlət Dəstəyi Agentliyini 50 ədəd poverbank, 400 ədəd bloknot A5, 500 ədəd loqolu qovluq, 200 ədəd illik hesabat jurnalı, üzərində Agentliyin loqosu olan 1000 ədəd qələm və digər eyni promo məhsullarla təmin edib.

Göründüyü kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi son 9 ayda eyni adda promo məhsullarının satın alınması üzrə ümumi dəyəri 36 521 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hər iki müqavilə də “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələbləri pozulmuş, müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maddi-texniki bazası, etibarlığı şübhə doğuran MMC-lərə üstünlük verilmişdir. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə, promo məhsulların qiymətlərinin şişirdildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır. O, sözügedən vəzifəyə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə 23 noyabr 2021-ci ildə təyin olunub. Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-2021-ci illərdə TƏBİB – də ictimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləmişdir. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Aygün Əliyevanın rəhbərliyi altında QHT-lərə Dövlət Dəstəyi Agentliyində son illər satınalmalarda yol verilən qanunsuzluqlarla bərabər qrantların düzgün bölüşdürülməməsi, qrantların daha çox Aygün Əliyevaya yaxınlığı ilə tanınan Qeyri-Hökumət Təşkilatlarına verilməsi barədə son vaxlar mediada və sosial şəbəkələrdə çoxsaylı məlumatlar yayılmışdır. Yayılan xəbərlərdə bir sıra QHT təmsilçilərinin daha çox millət vəkillərinin rəhbər olduğu QHT-lərə dövlət tərəfindən maliyyə yardımları ayrıldığını açıqlanmış, və təkzib edilməmişdi.

Aktualinfo.net