Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək

Gündəm
Bu gün, 14:58 12


Marketlərdə “50 faiz”, “70 faiz”, hətta daha yüksək endirimlər alıcıların diqqətini cəlb edən əsas marketinq vasitələrindən birinə çevrilib.

Xüsusilə mövsüm sonlarında, bayramlar və müxtəlif kampaniyalar zamanı marketlərin vitrinlərində böyük endirim rəqəmləri ilə qarşılaşmaq mümkündür.

Bu isə istehlakçıda məhsulu əvvəlki qiymətindən xeyli ucuz əldə etdiyi təəssüratı yaradır.

Lakin bəzi hallarda endirimdən əvvəlki qiymətin nə qədər real olduğu və məhsulun həqiqətən ucuzlaşıb-ucuzlaşmadığı sual doğurur.

Bəs böyük endirimlər həqiqətən ucuzluq deməkdirmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, böyük faizlə göstərilən endirimlərin hamısını real ucuzlaşma kimi qəbul etmək düzgün deyil:

“Bəzi hallarda marketlər həqiqətən məhsulun qiymətini aşağı salır, xüsusilə mövsüm sonu, stokların təmizlənməsi və kampaniyalar zamanı.

Amma “50 faiz”, “70 faiz” kimi rəqəmlər həm də güclü marketinq alətidir. Endirimin böyüklüyü istehlakçıda məhsulun çox sərfəli qiymətə satıldığı təəssüratı yaradır, halbuki real qənaət daha az ola bilər.

Endirimdən əvvəl qiymətin süni şəkildə artırılması və sonra böyük endirim göstərilməsi də istehlakçının diqqət etməli olduğu məsələlərdəndir.

Məsələn, məhsul uzun müddət 100 manata satılıbsa, kampaniyadan əvvəl onun qiymətini 150 manata qaldırıb, sonra “33 faiz endirim”lə yenidən 100 manata satmaq real endirim deyil.

İstehlakçı bunu müəyyən etmək üçün məhsulun əvvəlki qiymətini müqayisə etməli, eyni məhsulun digər mağazalardakı qiymətlərinə baxmalı və mümkün qədər qiymət tarixçəsini izləməlidir. Xüsusilə böyük məbləğli alış-verişlərdə yalnız endirim faizinə deyil, kassada ödəniləcək son qiymətə diqqət etmək lazımdır".

Onun sözlərinə görə, Azərbaycanda istehlakçıların yanlış və aldadıcı məlumatla yönləndirilməsinin qarşısını almaq üçün qanunvericilikdə müəyyən tələblər və dövlət nəzarəti mexanizmləri mövcuddur:

"Satıcı məhsulun qiyməti, endirimin şərtləri və digər mühüm məlumatlar barədə istehlakçıya düzgün məlumat verməlidir. Endirim adı altında istehlakçının aldadılması aşkar edilərsə, müvafiq dövlət qurumlarına müraciət etmək mümkündür.

Lakin praktik baxımdan əsas problem nəzarətin bütün marketlərdə hər bir kampaniyanı əvvəlcədən izləməsinin çətin olmasıdır. Ona görə də qanunvericiliklə yanaşı, istehlakçının özünün də qiymətləri müqayisə etməsi və şübhəli hallarda sübutları, məsələn, reklamın və əvvəlki qiymətin görüntüsünü saxlaması vacibdir”.

İqtisadçı qeyd edib ki, bütün mallara 70 faiz endirim yazısını avtomatik olaraq “məhsul 70 faiz ucuzlaşıb” kimi başa düşmək olmaz:

“Əsas göstərici məhsulun əvvəlki real satış qiyməti ilə indiki qiyməti arasındakı fərqdir”.