Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...

Gündəm / Sosial
Bu gün, 14:00 11

Daha öncə plastik cərrah kimi fəaliyyət göstərən, bir müddət əvvəl isə sertifikatı ləğv olunan Elnur Mehrəli bu sahə üzrə özünü reklam edir.
Xitab24.az-ın məlumatına görə, onun sosial şəbəkələrdə reklamı yayılır.
Həmin reklamlara keçid zamanı isə rinoplastika və bədənşəkilləndirmə ilə bağlı məlumatlar və fotolar təqdim edilir.
Qısa arayış olaraq bildirək ki, Səhiyyə Nazirliyinin fəaliyyətinə icazə verilən plastik-estetik cərrahların siyahısında Elnur Mehrəlinin adı yoxdur.
Xitab24.az Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb.
Daha öncə saytımızda yayımlanan məlumatda “Yasamal Hospital”da Elnur Mehrali tərəfindən icra edilən əməliyyatın qüsurlu olması ilə bağlı pasiyentin prokurorluğa müraciət etdiyini bildirmişdi. Bakı Şəhər Prokurorluğu cinayət işinin başlanmasını rədd etdikdən sonra vətəndaş qərarın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə isə Elnur Mehrəli ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab olaraq bildirilib ki, Elnur Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətinə icazə verilməyib. Həmçinin onun Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində praktik tibb fəaliyyəti ilə məşğul olması barədə məlumatın olmadığı qeyd edilib.
Prosesin yekununda cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar ləğv olunub.
Məhkəmə hesab edib ki, müstəntiq tərəfindən Elnur Xalid oğlu Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnun olub-olmaması lazımi qaydada araşdırılmayıb. Həmçinin onun həmin tarixdə müvafiq dövlət reyestrində qeydiyyatda olub-olmaması Səhiyyə Nazirliyindən və aidiyyəti qurumlardan rəsmi qaydada dəqiqləşdirilməli idi.
Qərara əsasən, göstərilən hallar araşdırılmalı, cinayət hadisəsinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmalıdır.

Xitab24.az