Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...

Gündəm
Bu gün, 15:05 15

Bakı yenə 1-2 saat yağan yağışa təslim oldu. Paytaxt və ətraf ərazilərdə, o cümlədən Abşeron rayonunda yollar keçilməz idi. Səbəb heç dəyişməyib - axıntı yox, kanalizasiya sistemi yenilənməyib, köhnə problemlər olduğu kimi qalıb.

Məsələn, Bakının Yasamal rayonunu götürək. Maşınlar suyun içində idi. Elə bil ki, daşqına məruz qalmış Nepaldır. Yaxud Yeni Günəşli olsun. Maşınlar sanki böyük göldən keçirlər. Yəni şəhərin mərkəzi də, kənarı da eyni şəkildə acınacaqlı vəziyyətdədir. Və bu, hər yağış yağanda təkrarlanır. Artıq insanlar da barışıblar ki, Bakıya hər yağış yağanda belə bir rüsvayçılıq yaşanacaq.

Amma Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) baş verənlərdən nəticə çıxarıbmı? Hər dəfə Bakı suyun altında qalır, ADSEA isə "gücləndirilmiş iş rejimi"ndə çalışdığını bildirir.

Rəsmi xəbərdə deyilir ki, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm infrastruktur layihələrinin icrası davam etdirilir. Amma bir dəyişiklik varmı? Belə çıxır ki, 2035-ci ilə qədər bu biabırçılıq davam edəcək. Yəni ən azı bir neçə ay əvvəl yağan yağışın yaratdığı problemlərlə budəfəkinin fərqi olmalı idi. Deməli, ADSEA heç bir ciddi iş həyata keçirməyib. Qurumun şefi Zaur Mikayılov hesabat tələb edibmi? Görünən budur ki, yox!


Ümumiyyətlə, rəsmilər belə hallarda bir qayda olaraq iqlim dəyişikliyini günahlandırırlar. Bəs özlərində hər hansı qüsur yoxdurmu? Zaur Mikayılov 2035-ci ilədək normadan artıq yağan yağışla bizi üzbəüz qoyacaq?

Halbuki bu il yanvarın 12-də prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan” müşavirə keçirilib. Müşavirədə çıxış edən prezident İlham Əliyev özü də yağış sularının yaratdığı problemi paytaxtın kanalizasiya sisteminin lazımi səviyyədə olmamasında görüb. Yəni cənab prezident problemin kökünü görür, ADSEA hələ də görə bilmir.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair baş planında göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Bunun 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsi üçün lazımdır.

Ekspertlər isə deyirlər ki, mövcud drenaj sistemləri ya bərbad vəziyyətdədir, ya da ümumiyyətlə yoxdur. Sovet dövründən qalan xətlərin də üstü bir çox yerdə asfaltlanıb. Şəhər böyüsə də, onun infrastrukturu bu böyüməyə uyğun şəkildə genişləndirilməyib. Kağız üzərində bu, bəlkə də, baş verib, hətta bu işə büdcədən milyardlarla pul da ayrılıb. Amma bu milyardlıq layihələrin nəticələri ilə bağlı ciddi suallar var. Yəni ADSEA kanalizasiya işlərini elə görür ki, görməsə ondan yaxşıdır. Belə çıxır ki, görülən işlərin maliyyə xərclərini təftiş etməyə zərurət var. Bu pullar hara gedir ki, şəhərə hər yağış yağanda heç nə dəyişmir...


Anaxeber.info.az