Şərur təhsilində ABSURD GEYİM QADAĞASI... - BU NƏDİ BELƏ?

Gündəm / Ölkə
Bu gün, 12:48 15

Şərurda qadın müəllimlərin məktəbə şalvarla gəlməsinə qadağa qoyulacağı bildirilir. Yeni vahid geyim tələblərinə əsasən, onlara naxışlı köynək geyinməyə də icazə verilməyəcək. Kişi müəllimlərdən isə dərsə ağ köynək və qara kostyumda gəlmək tələb olunacaq.

Bu haqda “Gündəlik Naxçıvan”a Şərur rayonunda çalışan müəllimlər məlumat veriblər. Onların sözlərinə görə, yeni geyim tələbləri ilə bağlı rayon təhsil şöbəsindən onlara əvvəlcədən xəbərdarlıq edilib.

Ryondakı məktəblərdən birində çalışan B. Məmmədova deyir ki, müəllimlərə bu tələblərin pozulacağı halda işdən çıxarılacaqları ilə hədələniblər:

“Qadın müəllimlərə deyirlər ki, hətta normal, klassik şalvar da geyinə bilməzsiniz. Buna əməl etməyənləri işdən çıxarmaqla hədələyirlər. Əslində şalvarın ətəyə nisbətən çox üstünlükləri var. İdman üslublu şalvar, reytuz və cins şalvarların məktəb mühitində geyinilməsinin qarşısının alınması normaldır.

Lakin klassik kəsimli, işgüzar şalvarın da qadağan olunması bizim azadlıq hüquqlarımızın pozulmasıdır. Hələlik bununla bağlı rəsmi qərar yoxdur. Bu, Təhsil Şöbəsinin məktəblərin WhatsApp qruplarına göndərdiyi xəbərdarlıq mesajıdır. Ümid edirik ki, Nazirlik belə absurd qərar verməyib və bunu dəstəkləməyəcək.”

Digər müəllim N. Ağayev isə bu tələbi həm seçim azadlığının məhdudlaşdırılması, həm də müəllimlər üçün əlavə maddi yük hesab edir:

“Bu tələb qrupa yazılandan sonra heç kim cəsarət edib etiraz edə bilmir. Çünki işdən çıxarılmaqdan qorxuruq. Niyə hamımız kişi müəllim olaraq mütləq ağ köynək, qara şalvar və qara kostyum geyinməliyik, bunu başa düşmürəm.

Mənim, məsələn, qara kostyumum yoxdur. İndi sırf bu tələbə görə gedib yenisini almalıyam. Müəllimlərin maaşı da elə yüksək deyil ki, hər yeni tələb üçün əlavə xərc çəkək. Səliqəli və işgüzar geyinmək tələb olunsun, amma rəngi niyə məcburi müəyyən edirlər?”