44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
Gündəm / Sosial
Bu gün, 12:21
11
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı iki tender elan edib.
Tenderlərdən birində 20 modul və 3 konteyner tipli məktəb binasının quraşdırılması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 12 milyon 716 min 418 manatdır.
Digər tender isə 20 modul və 1 konteyner tipli məktəb binasının quraşdırılmasını əhatə edir. Bu tender üzrə ehtimal olunan qiymət **12 milyon 313 min 831 manatdır.
Beləliklə, iki tender üzrə ümumilikdə 40 modul və 4 konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır. Tenderlərin ümumi ehtimal olunan qiyməti isə 25 milyon 30 min 249 manatdır.
Bir modul tipli məktəb üçün orta hesabla 569 min manat?
Rəqəmlər üzərində sadə hesablama aparanda 25 milyon 30 min 249 manatın 44 məktəbə bölünməsi nəticəsində bir məktəb üçün orta hesabla təxminən 568,9 min manat məbləğ alınır.
Bu rəqəm modul məktəblərin əvvəlki illərdəki maliyyələşdirilməsi ilə müqayisədə diqqət çəkir.
Məsələn, Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarında müxtəlif rayonlarda 20, 40, 56, 80 və 96 şagird yerlik modul məktəblərin quraşdırılması üçün **216 min manatdan 425 min manatadək** vəsait nəzərdə tutulduğu göstərilib.
2025-ci ildə isə 70 ədəd, hər biri 90 şagird yerlik modul tipli məktəbin layihə-smeta sənədlərinin hazırlanması üçün 2 milyon 854 min manatlıq tender elan edilmişdi.
Bu baxımdan, yeni tenderlərdə 44 məktəb üçün nəzərdə tutulan 25 milyon manatlıq ehtimal olunan qiymətin hansı xərclər hesabına formalaşdığı diqqət çəkir.
Burada xüsusilə tender sənədlərində hər bir məktəb üzrə məktəbin sahəsi, şagird tutumu, modul konstruksiyanın dəyəri, fundament işləri, kommunikasiya xətləri, istilik və elektrik sistemi, su-kanalizasiya, daşınma, quraşdırma və digər xərclərin necə hesablandığının açıqlanması əhəmiyyətlidir. Çünki təkcə “40 modul və 4 konteyner məktəb” məlumatı 25 milyon manatlıq ehtimal olunan qiymətin əsaslandırılmasını tam göstərmir.
Bu səbəbdən 25 milyon manatlıq məbləğin şişirdildiyini demək üçün tender üzrə texniki spesifikasiya və smeta məlumatlarının araşdırılması lazımdır.
BizimƏsr.media
