Pulumuzu alıb özlərini reklam edən mağazalar: SUİ-İSTİFADƏ - FAKT BUDUR!
Gündəm / Sosial
Bu gün, 10:19
15
Mağazaların üzərində öz ad və loqoları olan paketləri istehlakçılara ödənişli təqdim etməsi müzakirə mövzusuna çevrilib.
Ajans.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən polietilentorbaların istifadəsinin azaldılması ilə bağlı dövlət siyasətinin biznes qurumları tərəfindən lazımi səviyyədə dəstəklənmədiyini deyib.
Onun sözlərinə görə, biznes qurumları dövlətin onlar üçün yaratdığı şəraitdən sui-istifadə edir və hökumətin qərarlarına uyğun addımlar atmaq əvəzinə müxtəlif yollarla bu siyasətə mane olmağa çalışırlar.
E.Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi polietilen torbaların ödənişli olmasının tərəfdarıdır: “Ən azından bu, MDB təcrübəsidir. Çünki ətraf mühit bu torbalarla ciddi çirklənir. Lakin biz görürük ki, burada Azad İstehlakçılar Birliyinin təklifindən fərqli olaraq polietilen torbalar rəngli olur, üzərində reklam materialları yerləşdirilir və s. Biz daim təklif vermişik ki, polietilen torbalar tam şəffaf olmalıdır, üzərində reklam materialları olmamalıdır. Ümumiyyətlə, polietilen torbalar pulsuz verilən vaxtda onun pulu əhalidən alınırdı. İnsanlar bilmirdilər, həmin xərc malların və xidmətlərin üzərinə qoyulurdu. Lakin daha qabarıq görünsün deyə, istehlakçılar bundan çəkinsin deyə, indi artıq belə bir iş həyata keçirilir".
E.Hüseynov qeyd edib ki, hökumətin bu siyasəti marketlərdə başlayandan bəri polietilen torbalara tələbat 20 faiz azalıb:" Lakin əhali mənə zəng vurub soruşur ki, əgər polietilen torbalar minimuma ensə, onda biz evdəki məişət tullantılarını nəyin içərisinə yığıb zibil qabına atacağıq? Bu da digər bir problemdir. Əhali polietilen torbaların təxminən 50 faizini buna görə götürür. Yoxsa onlar bazar torbalarına keçə bilərlər".
Sədrin sözlərinə görə, alternativlər də təklif olunmur:"Yəni başqa ucuz kağız torbalar da təklif edilmir. Belə bir vəziyyətdə, əlbəttə, biznes qurumları öz istədiklərini edirlər. Hökumət elə bir iş aparmalıdır ki, əhali evdəki tullantıları zibil qablarına atmaq üçün də bir imkana malik olsun. Bunun üçün hansısa alternativ olmalıdır. Bu da, təəssüf ki, yoxdur".
"Azad İstehlakçılar Birliyi olaraq biz rəngli polietilen torbaların olmasının əleyhinəyik, reklam materiallarının evlərə daşınmasının əleyhinəyik. Biznes qurumları hökumətin qaldırdığı siyasətə adekvat, uyğun cavab verməli və buna kömək etməlidir”- deyə, sədr vurğulayıb.
