SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...

Gündəm / Cəmiyyət
Bu gün, 18:18 15

"Badamdarda yerləşən "Olive garden" restoranına üz tutarkən insanın gözləntisi yalnız dadlı yemək deyil, eyni zamanda keyfiyyətli xidmət, dürüst təqdimat və müştəriyə hörmət görməkdir..." Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən Aynur Məmmədzadə adlıistifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ailəvi səhər yeməyi üçün bu restoranı seçməzdən əvvəl onların Instagram səhifəsində paylaşılan səhər yeməyi süfrələrinə nəzər saldıq. Təqdim olunan zəngin çeşid, fərqli təamlar və cəlbedici süfrə görüntüləri bizdə müsbət təəssürat yaratdı və məhz bu səbəbdən ailəlikcə səhər yeməyi etmək üçün həmin məkana gəlməyə qərar verdik.
Lakin restorana gəldikdə, sosial şəbəkələrdə təqdim olunan görüntülərlə real xidmət arasında ciddi fərq olduğunu gördük. Məsələni xidmət əməkdaşına bildirdikdə isə bizə həmin səhər yeməyi menyusunun artıq ləğv olunduğu deyildi.
Bu məqamda haqlı olaraq belə bir sual yaranır: Əgər qeyd olunan təklif artıq qüvvədə deyilsə, nə üçün restoranın rəsmi Instagram səhifəsində hələ də paylaşılır? Müştərilərin məhz həmin təqdimata əsaslanaraq restorana gəlməsi nəzərə alınmırmı?
Əməkdaş məsələni administratora çatdıracağını və onun bizə yaxınlaşacağını bildirdi. Təəssüf ki, nə bizimlə maraqlanan oldu, nə də hər hansı izahat verildi. Beləliklə, səsləndirdiyimiz irad cavabsız qaldı.
Bizim narazılığımız yalnız səhər yeməyinin çeşidi ilə bağlı deyil. Əsas məsələ reklam olunan xidmətlə faktiki təqdim olunan xidmətin uyğunluğu və müştəri müraciətinə göstərilən münasibətdir.
Müasir xidmət mədəniyyəti yalnız gözəl şəkillər paylaşmaqdan ibarət deyil. Bu, eyni zamanda müştəridə yaradılan gözləntiyə hörmət etmək, məlumatları vaxtında yeniləmək və narazılıqlara məsuliyyətlə yanaşmaq deməkdir.
Ümid edirik ki, restoran rəhbərliyi bu rəyi konstruktiv şəkildə qəbul edəcək və gələcəkdə digər müştərilərin də oxşar vəziyyətlə üzləşməməsi üçün müvafiq tədbirlər görəcək.
Çünki müştəri məmnuniyyəti sadəcə reklam şüarı deyil, xidmət keyfiyyətinin əsas göstəricisidir..."(Dia-az)